Almaniyanın Rusiya-Ukrayna müharibəsi fonunda mövqeyində baş verən dəyişiklik Avropanın təhlükəsizlik arxitekturasında yaranan yeni reallıqların mühüm göstəricilərindən biri kimi qiymətləndirilir. Berlinin əvvəlki dövrlə müqayisədə müdafiə xərclərini artırması, hərbi potensialını gücləndirməsi və mümkün təhlükələrə daha sərt ritorika ilə yanaşması Avropada təhlükəsizliklə bağlı narahatlıqların artdığını göstərir. Bu proses Azərbaycan üçün də regionda və qlobal miqyasda formalaşan yeni hərbi-siyasi balansın izlənilməsini aktuallaşdırır. Bəs Almaniyanın mövqeyindəki dəyişiklik hansı amillərlə bağlıdır və bu hazırlıqlar birbaşa Rusiya ilə mümkün hərbi qarşıdurmaya hesablanıb?
Politoloq Elçin Xalidbəyli Editor.az-a açıqlamasında bildirib ki, Almaniya siyasət dairələri Ukrayna savaşına onun başladığı vaxtdan etibarən, əsasən, İkinci Dünya Müharibəsinin nəticələrinə yönəlmiş yanaşma tərzi ilə yanaşırdı:
“Ona görə də rəsmi Berlin Rusiya ilə Almaniya arasında hərbi-siyasi gərginliyin yaranmasından ciddi şəkildə yayınmağa çalışırdı. Ancaq sonrakı mərhələdə Rusiyanın davranışları, Avropa məkanına və Avropa ölkələrinə qarşı aqressiv hərbi təhdidləri digər “qoca qitə” ölkələri ilə yanaşı, Almaniyanın da mövqeyinin və ritorikasının dəyişməsinə səbəb oldu.
Artıq rəsmi Berlin Rusiyanı bütövlükdə Avropa, o cümlədən Almaniya üçün ciddi təhlükə hesab edir. Almaniyanın Müdafiə Nazirliyi dəfələrlə bu barədə bəyanatlar verib və ordunun gücləndirilməsi, hərbi-sənaye kompleksinin inkişaf etdirilməsi və ölkənin müdafiə sisteminə ayrılan xərclərin artırılması ilə bağlı olduqca ciddi addımlar atılmaqdadır.
Almaniya hesab edir ki, yaxın illərdə, təxminən 2030-cu ilə qədər Rusiya Avropa ölkələrinə, o cümlədən Almaniyaya hücum edə bilər. Ümumiyyətlə, Almaniya da daxil olmaqla, bir çox Avropa ölkələrində belə təsəvvürlər mövcuddur ki, Avropa ölkələrindən fərqli olaraq, Rusiyanın hərbi-sənaye kompleksi daha yaxşı inkişaf edib və Ukrayna savaşı dayandıqdan sonra, yəni Ukrayna savaşı sona çatdıqdan sonra Rusiya öz silah-sursat itkilərini, o cümlədən ordunun çatışmazlıqlarını qısa müddətdə kompensasiya edə bilər.
Yəni bir neçə il ərzində Avropa ölkələrinə qarşı hərbi təhdid törətmək imkanları qazana bilər və belə bir vəziyyətdə də Rusiyanın Avropaya hücum edəcəyini güman edirlər. Hazırda əksər Avropa ölkələrinin savaşa hazırlaşmağa çalışmalarının əsas səbəbi də məhz bununla bağlıdır.
Avropada, o cümlədən Almaniyada Rusiyanın əvvəl-axır savaşa başlayacağı, hərbi təhdidə və təhlükəyə çevriləcəyi barədə qənaətlər kifayət qədər ciddidir və ona görə də indi Avropa ölkələri, o cümlədən Almaniya hərbi xərcləri artırmaq və ehtimal olunan savaşa indidən hazırlaşmaq məcburiyyətində qalıb”.
//Gülnarə Abasova, Editor.az

