İran ABŞ-a 7 şərt qoydu: Danışıqlar, yoxsa yeni qarşıdurma?backend

İran ABŞ-a 7 şərt qoydu: Danışıqlar, yoxsa yeni qarşıdurma?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-İran qarşıdurmasının diplomatik müstəviyə keçməsi ehtimalı region ölkələri üçün də mühüm nəticələr yarada bilər. Xüsusilə Cənubi Qafqazın Yaxın Şərqə coğrafi yaxınlığı, enerji bazarları və regional nəqliyyat-kommunikasiya xətlərinin təhlükəsizliyi baxımından Vaşinqton-Tehran xəttində baş verənlər Azərbaycan üçün də diqqətlə izlənilən proseslər sırasındadır. İranın danışıqlara qayıdış üçün irəli sürdüyü şərtlər və Qətərin vasitəçiliyi ilə yaradılan kanalın gələcək taleyi isə qarşıdurmanın diplomatik yolla nizamlanması imkanları ilə bağlı əsas suallardan birini gündəmə gətirir. Xarici mediada yayılan məlumatlara görə, Tehran ABŞ-a yeddi şərtdən ibarət təklif təqdim edib və hazırda Vaşinqtonun cavabını gözləyir.

Politoloq Azər Qasımov Editor.az-a açıqlamasında bildirib ki, ABŞ Konqresinə aralıq seçkilər öncəsi İran məsələsini Trampın gözləməyə alması fonunda İranın təklif etdiyi maksimalist təkliflər ABŞ tərəfi üçün qəbuledilməz olmaqla yanaşı, respublikaçıların seçkilərdə onsuz da ağır olan vəziyyətini daha da ağırlaşdırar:

“Əslində, ABŞ və İsrail İran rejiminin birdəfəlik hakimiyyətdən getməsi barəsində düşünürlər və son bəyanatlar bunu göstərir. İran hakimiyyəti bunu yaxşı başa düşdüyü üçün danışıqlar oyununu oynayır. Düşmənə danışıq təklif etmək zəiflik əlamətidir. Düşmənlə ancaq kapitulyasiya danışıqları aparmaq olar, ya da düşmən qalmaq olar. İran rejimi ritorikada düşmən qalmağı seçsə də, həmişə danışıqda maraqlı olub. Real danışıqlar üçün şərtlər uyğun deyil. Hər iki tərəf üçün danışıqlar məsələsi manevr imkanlarını artırmaq üçün vasitədir. Çünki danışıqlarla həll olunacaq məsələlər tərəflərdən birinin məğlub duruma düşməsi anlamına gələcək ki, bu da tərəfləri qane etmir. Odur ki, məsələ tərəflərdən birinin tam şəkildə məğlub olmasına kimi uzanacaq. Hesab edirəm ki, Konqresə seçkilər öncəsi ABŞ İsraillə birgə İrana həlledici zərbə vura bilər. Qəti nəticə əldə olunmasa da, İran rejiminin siyasi və hərbi fiqurlarından bir neçəsinin öldürülməsi Trampın əlini seçkidə gücləndirə bilər”.

//Gülnarə Abasova, Editor.az