ABŞ və Avropa İttifaqının İrana qarşı təzyiq siyasətini sərtləşdirməsi Yaxın Şərqdə yalnız Tehran–Qərb münasibətlərinin deyil, həm də regional və qlobal güclər arasındakı iqtisadi və siyasi balansın yenidən formalaşmasına səbəb ola bilər. Sanksiyaların genişlənməsi İranın xarici ticarət imkanlarını məhdudlaşdırmaqla yanaşı, onun Rusiya və Çinlə münasibətlərinin gələcək istiqamətinə də təsir göstərə bilər. Bu proses Azərbaycanın yerləşdiyi Cənubi Qafqaz üçün də diqqətçəkən məqamdır. Xüsusilə regionda mümkün gərginliyin artması nəqliyyat və enerji layihələrinin təhlükəsizliyi, sərhəd sabitliyi və regional iqtisadi əlaqələr baxımından əlavə risklər yarada bilər. Bu baxımdan əsas sual Tehranın artan iqtisadi təzyiq qarşısında hansı siyasi və iqtisadi strategiyanı seçəcəyi və bunun regiondakı qüvvələr nisbətinə necə təsir edəcəyidir.
Politoloq Sədrəddin Soltanlı Editor.az-a açıqlamasında bildirib ki, ABŞ-nin müttəfiqləri və tərəfdaşları ilə birlikdə İrana qarşı tətbiq etdiyi sanksiyalar perspektivdə Çini də əhatə edə bilər:
“Digər tərəfdən, Çin gələcəkdə İrana qarşı təzyiq göstərməzsə, yaxud yumşaq ifadə etsək, İranla ticarət, iqtisadi və hərbi əlaqələrini yumşaltmazsa və ya azaltmazsa, o zaman ABŞ və müttəfiqləri Çinlə ticarət əlaqələrinə yenidən baxa, yaxud tarifləri artıra bilərlər.
Bu baxımdan Çinin vəziyyəti heç də ürəkaçan deyil. Digər tərəfdən, Çinin Səudiyyə Ərəbistanında hərbi bazası var. Eləcə də Çin ərəb ölkələri ilə əlaqələri inkişaf etdirməkdə və gücləndirməkdə, İsraillə münasibətləri inkişaf etdirməkdə maraqlıdır. Bu, həmçinin Hörmüz boğazından daha çox istifadə edən ölkələrdəndir. Ona görə də perspektivdə Çinin ərəb ölkələrinin mövqeyindən çıxış etməsi ehtimalı da az deyil.
Bəzi məlumatlara görə, Çin İrandan neft tədarükünü azaldıb. Bu isə gələcəkdə İrana qarşı ABŞ-nin başladığı təzyiqlərə və məhdudlaşdırıcı tədbirlərə qoşulmağa işarə sayıla bilər”.
O bildirib ki, Rusiya da hələlik İrana qarşı təzyiqlərdə iştirak etmir:
“Bununla belə, indiyə qədər Rusiya İrana S-400 zenit-raket kompleksini təhvil verməyib. Habelə İran hələ də Rusiyadan Su-35 qırıcı təyyarələrini almayıb. Bundan başqa, Rusiyanın ən böyük neft və qaz şirkətləri İranın müvafiq sahəsində fəaliyyət göstərmir.
Düzdür, Moskvanın Tehrana hərbi texnologiyalar, raket texnologiyaları verməsi ilə bağlı müxtəlif xəbərlər də yayılır. Amma Rusiya bu məsələdə daha çox öz mənafelərini ifadə etməyə çalışır. Çünki Rusiya İsraillə münasibətləri, habelə ərəb ölkələri ilə münasibətləri zədələmək istəmir.
Bu baxımdan, perspektivdə ABŞ-nin başladığı geniş və daha təsiredici sanksiyaların Tehran hakimiyyətinin iqtisadiyyatına çox ciddi zərbə vuracağı qaçılmazdır. Onsuz da hazırkı şəraitdə İranda neft hasilatı və neft ixracatı azalıb, habelə ölkədə yanacaq qıtlığı yaranıb. Yaxın havalar soyuduqca ölkədə yaşayış mənzillərinin, yaşayış və sosial obyektlərin qızdırılmasında müəyyən problemlərin yaranacağı istisna olunmur.
Elektrik enerjisinin çatışmazlığı, mavi yanacağın çatışmazlığı hiss ediləcəyi gözlənilir. Və bu baxımdan Tehran hakimiyyətinin yenidən ABŞ ilə danışıqlar masası arxasına oturması qaçılmazdır.
Onu da nəzərə almaq lazımdır ki, ölkədəki mövcud sosial böhranlar və sosial problemlər cəmiyyətin hakimiyyətə qarşı etiraz aksiyaları ilə də müşayiət oluna bilər.
Odur ki, Çin və Rusiyanın, hesab edirəm ki, yaxın gələcəkdə öz mənafelərini qorumaq naminə İranı ABŞ-yə qurban verməsi mümkündür”.
//Gülnarə Abasova, Editor.az

