“Biz Bakıya gəlməyi çox sevirik. Bakı Şəhər Halqası unikal trekdir və həqiqətən möhtəşəmdir. Burada tarixi irs və müasir memarlıq bir-birini tamamlayır. Bu trek pilotlar qarşısında fərqli və çətin çağırışlar qoymaqla yanaşı, tamaşaçılara da maraqlı yarış izləmək imkanı yaradır”.
Oxu.Az xəbər verir ki, bu sözləri Beynəlxalq Avtomobil Federasiyasının (FIA) prezidenti Məhəmməd bin Sulayem deyib.
O, Bakı Şəhər Halqasının unikal atmosferi və fərqli xüsusiyyətlərindən danışıb.
Onun sözlərinə görə, bu gün avtomobil idmanı yalnız pilotların trasdakı mübarizəsindən ibarət deyil.
“Formula-1″ artıq əvvəlki kimi yalnız pilotlar arasında rəqabətdən ibarət deyil. Bu, böyük biznesdir, turizmdir, rəqabətdir və əyləncədir. Azərbaycan bütün bunları özündə birləşdirir. Bu səviyyənin qorunub saxlanılması və daim inkişaf etdirilməsi münasibətilə Azərbaycanı təbrik edirəm”, – deyə Məhəmməd bin Sulayem bildirib.
FIA prezidenti Azərbaycanın “Formula-1″lə əməkdaşlığının gələcəyinə də toxunaraq, ölkənin bu istiqamətdə uzunmüddətli yanaşmasını müsbət qiymətləndirib.
“Burada gələcəyə hesablanmış planların olduğunu görürəm. Bu, təkcə idman üçün deyil, ölkə üçün də vacibdir. Buna görə də bizim tam dəstəyimiz var”, – deyə Məhəmməd bin Sulayem bildirib.

