Maaşlar artır, amma vətəndaşın cibində nə dəyişir?- “Real gəlir” problemi gündəmdəbackend

Maaşlar artır, amma vətəndaşın cibində nə dəyişir?- “Real gəlir” problemi gündəmdə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda orta aylıq əməkhaqqının artması əhalinin gəlirlərinin yüksəldilməsi baxımından müsbət göstərici hesab olunsa da, paralel olaraq qiymətlərin bahalaşması bu artımın vətəndaşların gündəlik həyatında real təsirini sual altına alır. 2026-cı ilin ilk yarısında ölkədə orta aylıq əməkhaqqı 7 faiz artaraq 1 174 manata çatıb. Eyni zamanda, istehlak qiymətlərində müşahidə olunan artım maaş artımının əhalinin alıcılıq qabiliyyətinə təsiri məsələsini gündəmə gətirir.

Xüsusilə ərzaq və digər gündəlik tələbat məhsullarının bahalaşması fonunda nominal əməkhaqqının artması ilə vətəndaşın real gəlirindəki dəyişiklik arasında fərq yarana bilər. Bu baxımdan, maaş artımının inflyasiya qarşısında nə dərəcədə effektiv olduğu və əhalinin real gəlirlərinin yüksəldilməsi üçün hansı addımların atılmasının vacibliyi aktuallaşır.

Bəs mövcud maaş artımı əhalinin həyat səviyyəsinin və real alıcılıq qabiliyyətinin yüksəlməsi üçün kifayət edirmi? Qiymət artımları əməkhaqqında baş verən artımın effektini nə dərəcədə azaldır?

Milli Məclisin deputatı Vüqar Bayramov Editor.az-a açıqlamasında bildirib ki, maaşların artırılması, təbii ki, Azərbaycanda sosial siyasətdə həmişə prioritet məsələlərdəndir:

“Dövlət Statistika Komitəsi tərəfindən elan edilən rəqəm ölkə üzrə orta aylıq əməkhaqqındakı artım faizidir. Nəzərə alsaq ki, sektorlar üzrə də əməkhaqqı artımları davam edir, qısa müddət öncə hörmətli Mehriban xanım Əliyevanın təşəbbüsü ilə tibb işçilərinin əməkhaqqında artımlar həyata keçirildi. Bu da, təbii ki, ölkə üzrə orta aylıq əməkhaqqındakı artım faizinə təsir göstərəcək. Bu, tibb işçilərinin sosial təminatının daha da gücləndirilməsinə xidmət edəcək. Bu baxımdan, təbii ki, biz əməkhaqqı artımlarının mütəmadi davam etməsini müşahidə edirik. Təbii ki, maliyyə imkanları çərçivəsində bu istiqamətdə addımlar atılır.

Sözsüz ki, əsas hədəflərdən, məqsədlərdən biri də məhz qiymətlərin optimallaşdırılmasıdır. Xüsusən də idxal inflyasiyasının optimallaşdırılmasına nail olmaqdan ibarətdir. Çünki inflyasiya nə qədər az olarsa, əməkhaqqı artımları o qədər real olur. Və bu, inflyasiyanın minimallaşdırılması, optimallaşdırılması, həm də sosial təminat tədbirləri kimi vacib tədbirlərdən biridir.

Bu istiqamətdə, təbii ki, fəaliyyətlər davam edəcək və sözsüz ki, biz əməkhaqqı artımlarının davamlı olmasını da müşahidə edəcəyik. Azərbaycan son 6 ildə 5 sosial paketi reallaşdırıb və cənab Prezidentin tapşırıqlarına əsasən reallaşan sosial paketlər 4 milyondan artıq vətəndaşımızı əhatə edib və onların sosial təminatına birbaşa təsir göstərib. Bu kontekstdə, təbii ki, vətəndaşlarımızın sosial təminatının daha da yaxşılaşdırılması istiqamətində həm əməkhaqqı artımlarının, həm də inflyasiyanın optimallaşdırılması və minimallaşdırılması prioritet olaraq qalmaqdadır”.

İqtisadçı Natiq Cəfərli də Editor.az-a bildirib ki, bu iqtisadi fəallıq Azərbaycanda xeyli azalıb və bunun da təsirləri var:

“Orta aylıq əməkhaqqı nominal olaraq artır, amma real olaraq artmır. Yəni inflyasiya yüksəkdir. İnflyasiyanın qarşısını almaq üçün uzunmüddətli yol yerli istehsalın artımıdır. Bununla da bağlı bəzi problemlər var.

Qısamüddətli yollar da var. Məsələn, hökumət bəzi ərzaq məhsullarına vergiləri, rüsumları heç olmasa bir müddətlik sıfırlaya bilər. Və nəticə etibarilə, heç olmasa ərzaq məhsullarının qiymət artımında bir soyumanı müşahidə edə bilərik, yəni qiymət artımı ən azından dayana bilər.

Ona görə də uzunmüddətli bizim proqramımız olmalıdır ki, yerli istehsalı artıraq. Qısamüddətli isə hökumətin əlində olan vergi və rüsum alətləri ilə bazara təsir etmək olar. Yəni onları sıfırlamaqla, aşırı tənzimləmə mexanizmlərini ertələməklə, cərimələrin və yaxud da hansısa bir formada yoxlamaların dayandırılmasını təmin etməklə biznesə bir qədər sərbəstlik vermək lazımdır”.

İqtisadçı Xalid Kərimli isə Editor.az-a açıqlamasında bildirib ki, ölkədə inflyasiya 6%-dir, insanların orta aylıq əməkhaqqının artım faizi isə təqribən 7%-dir:

“Mən indi 7 aylıq statistikadan deyirəm, 8 aylıq statistika 3-5 günə çıxacaq. 6% ətrafında inflyasiyadır, 7% də orta aylıq əməkhaqqı artımıdır.

Bu, demək olar ki, inflyasiyanın insanların nominal əməkhaqqı artımının hamısını üstələməsi deməkdir. Amma indi burada bəzi nüanslar var: ərzaq qiymətlərinin artımı daha çoxdur — 7,2%-dir. Yəni ərzaq qiymətləri daha çox bahalaşır. İndi büdcəsində ərzağın payı çox olanlar, yəni xərcləmələrində ərzaq üstünlük təşkil edirsə, onlar əksinə, hətta ərzaq xərclərində minusa gedirlər.

İnsanlar nə etməlidirlər ki, real əməkhaqqı artsın? Birincisi, bazarın şərtlərini, tələblərini öyrənməlidirlər, yüksək əməkhaqqı verən ixtisaslara, işlərə can atmalıdırlar. Sektorlar arasında da gəlirlilik fərqlidir: bir sektorda daha yüksəkdir, bir sektorda daha aşağıdır. Eyni sektorda eyni ixtisaslar arasındakı maaş fərqləri də mövcuddur. Yəni insanlar çalışmalıdırlar ki, daha yüksək əməkhaqqılı işlər tapsınlar.

Azərbaycanda bu mümkündürmü? Çox təəssüf ki, Azərbaycanda orta aylıq əməkhaqqı Qafqazda ən aşağıdır. Yəni gərək birinci ölkədə bu imkanlar çox olsun ki, hamı daha yüksək əməkhaqqı əldə edə bilsin. Məsələ ondan ibarətdir ki, ölkədə orta aylıq əməkhaqqı və adambaşına düşən ümumi daxili məhsul göstəricisinə görə Qafqazda sonuncu yerdəyik (sondan birinci deyək, birinci deməyə baxmayaraq). Yəni burada, belə deyək, hökumətin üzərinə çoxlu vəzifələr düşür ki, ölkədə iqtisadiyyatı, xüsusən də qeyri-neft sektorunu inkişaf etdirsin ki, insanların əməkhaqqıları və gəlirləri artmış olsun”.

//Gülnarə Abasova, Editor.az