3-cü Qarabağ müharibəsi qaçılmaz olacaq – Rusiya bunu etsə…backend

3-cü Qarabağ müharibəsi qaçılmaz olacaq – Rusiya bunu etsə…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Doğrudur, Rusiyanın Ukraynada müharibə cəncəlinə düşməsi Avropa İttifaqına Bakı ilə İrəvanın sülh prosesi istiqamətindəki aktivliyini artırmaq üçün əlverişli imkanlar yaratdı, amma bir o qədər də Cənubi Qafqazda vəziyyətin gərginləşməsinə səbəb oldu.

Rusiya vərdiş etdiyi yerini itirmək təhlükəsini hiss etməyə başlayıb. Bu yerə o qədər öyrəşib ki, indi onu Cənubi Qafqazda Avropa ittifaqının əvəzləyəcəyini düşünmək belə Moskvanı psixotik depressiyaya salmaq üzrədir. Elə buna görə də Moskva Ermənistandakı hərbi-siyasi güclərindən yararlanmağın əsl zamanının yetişdiyini düşünür:

Moskvanın İrəvana təyziq vasitələri:

1. Öncə mayın 1-də Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonu istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik və Yellicə yaşayış məntəqələrində yerləşən Azərbaycan Ordusunun mövqelərini qumbaraatan və pulemyotlardan atəşə tutdu. Bundan cəmi bir gün sonra – mayın 2-i axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini yenidən atəş altında saxladı. Bu fakt bir daha göstərdi ki, Ermənistan ordusu tamamilə Rusiyanın əlində cəmləşib.

Sərhəddəki hadislərin ardınca erməni yaraqlıları Qarabağda sülhməramlıların gözü qarşısında səngər qazmağa başladı. Bütün bu faktlar ondan xəbər verir ki, Rusiya rəsmi İrəvanın Bakı ilə sülh müqaviləsi imzalamağa heç vaxt olmadığı qədər yaxın olduğundan xəbərdardır və prosesə mane olmaq üçün dayanmadan bütün imkanlardan istifadə etməyə çalışır.

Bu, eyni zamanda onu deməyə əsas verir ki, Rusiya öz məqsədindən ötrü mövqeyini qoruyub saxlamaq naminə Qarabağı yenidən poliqona çevirə bilər. Çünki indiki məqamda Moskva üçün çıxış yolu Ermənistanla Azərbaycan arasındakı danışıq prosesini pozacaq gərginlik, təxribatlar ola bilər. Rusiya düşünür ki, belə olmayacağı təqdirdə Qarabağ münaqişəsi bitsə, Rusiyanın regiona təsiri sıfra enəcək.

Rusiya Nikol Paşinyanı yolundan döndərmək, geri addım atmaq üçün “B” planını işə salıb. Tarix boyu işğal proseslərində ermənilərin əsas dəstəkçilərindən olan, xüsusilə Qarabağın Ermənistan tərəfindən işğalında da böyük “paya” malik Rusiyanın məqsədi gün kimi aydındır. Erməni amilindən istifadə edərək Qarabağ rıçaqı ilə regionda əsas söz sahibi olmaq imkanını qoruyub saxlamaq istəyən Moskvanın əslində ermənipərəstliyini İkinci Qarabağ müharibəsi zamanı bir daha aydın şəkildə görmək imkanı oldu.

Siyasətini əsasən ermənilər və şovinist rusların təbliğ etdiyi Rusiyanın 44 günlük müharibə zamanı telekanallarında Azərbaycana qarşı qarayaxma kampaniyası bu iki ölkənin siyasi elitasının bir-birinə nə qədər yaxın olmasından xəbər verirdi. Simonyan, Kesoyan, Şahnazarov və digərlərinin açıq şəkildə efirlərdə rəsmi Bakıya qarşı koalisiya yaratması və bunu maneəsiz şəkildə təbliğ etdikləri üçün rəsmi Bakı tərəfindən dəfələrlə Moskvaya xəbərdarlıqlar edilməsinə baxmayaraq, onlara qarşı hər hansı bir tədbirin görülməməsi, heç nə olmamış kimi fəaliyyətlərini davam etdirmələri əslində bu şəxslərin Rusiyanın erməni təbliğat ruporları olduğunu, Kremlin siyasətinin bir tərkib hissəsi olduğunu təsdiq edən faktlardan biridir.

2. Ermənistanın hazırki rəhbərliyinin rəsmi Bakının sülh şərtlərini qəbul edərək sənədə imza atmaması üçün Moskva Ermənistanla bağlı bütün siyasi kanallarını işə salmağa başlayıb. 2018-ci ildə Paşinyanın hakimiyyəti ələ almasından sonra postundan istefa verən Serj Sarkisyanın da artıq İrəvan küçələrində etirazçılara qoşulması sıradan bir istək deyil. Bu əmri Moskvadan alan Serj “Qarabağ klanı”nın digər üzvləri ilə birgə proseslərin məcrasını dəyişmək üçün əllərindən gələni etmək niyyətindədir. Rusiya keçmiş prezidentlər Robet Köçəryan və Serj Sarkisyanın başçılıq etdiyi müxalifət partiyalarını küçələrə çıxarmaqla Paşinyana geri addım atmayacağı təqdirdə onu postunda əvəz edəcək namizədləri göstərməklə gözdağı verməyə çalışır. Amma keçən ilki parlament seçkiləri də göstərdi ki, müharibədən nə qədər ağır məğlubiyyətlə ayrılsa belə xalqın yanında Paşinyanın dividenti daha yüksəkdir. Bu faktı hazırda Ermənistanda Nikol Paşinyan əleyhdarlarının keçirdiyi mitinqlərə qatılan, sayı elə də çox olmayan aksiya iştirakçılarının rəqəmləri də (8-10 min) deyir.

Bu proseslər bir daha göstərir ki, Azərbaycan istər 30 illik işğal dövründə, istər 44 günlük müharibə müddətində, istərsə də postkonflikt reallığında tək Ermənistanla yox, Rusiya ilə də bir mübarizə içərisindədir. Təbii ki, rəsmi Bakı Rusiyanın sülhə mane olmaq cəhdlərinə qarşı səssiz qalmaq fikrində deyil. Əgər Rusiya Kremllə yaxınlığı ilə tanınan Sarkisyandan, Köçəryandan birini Ermənistanda hakimiyyətə gətirərsə, Prezident İlham Əliyevin xəbərdarlıq etdiyi kimi, 3-cü Qarabağ müharibəsi qaçılmaz olacaqdır. Bu isə Ermənistan üçün daha pis nəticələrlə sonlanacaq.

Çünki Azərbaycan heç vaxt işğalla, ona qarşı ərazi iddiası ilə barışa bilməz. Çünki indiki mərhələdə Ermənistanın sülhə qarşı geriyə atdığı addım müharibə anonsu deməkdir. Azərbaycan istəyir ki, bu məsələ sülh yolu ilə həll olunsun, region yeni bir müharibəyə şahidlik etməsin. Çünki Brüssel görüşləri də göstərdi ki, sülh yolu ilə bu məsələnin həlli mümkündür.

Beynəlxalq hüququn norma və prinsiplərinin də ölkəmizin mövqeyini müdafiə etdiyini istər Ermənistan rəhbərliyi, istər Qərb, istərsə də Rusiya çox yaxşı anlayır. Düzdür, dünyanın aparıcı beynəlxalq təşkilatları Azərbaycanın mövqeyini dəstəkləyən və haqq-ədalətə söykənən qərar və qətnamələri hələ 30 il öncə qəbul etmişdilər. Ancaq əfsuslar olsun ki, həm Ermənistan rəhbərliyi, eyni zamanda, beynəlxalq ictimaiyyət, beynəlxalq təşkilatlar fərqli fikirdə idi və uzun sürən danışıqlar, sadəcə olaraq, bu işğalı əbədiləşdirmək, Ermənistanın işğalçılıq siyasətini pərdələmək və bizi bu acı vəziyyətlə barışdırmaq məqsədi güdürdü.

Lakin indi vəziyyət və reallıq tamamilə əksini deyir. Ermənistanın işğalçılıq siyasəti dünya miqyasında artıq heç kimə sirr deyil. Eyni zamanda, Azərbaycanla Ermənistan arasındakı qüvvələr nisbəti bizim xeyrimizə böyük dərəcədə dəyişdiyi dünyaya məlumdur. Ermənistan rəhbərliyi də dərk edir ki, Azərbaycanla rəqabət aparmaq, yeni savaşın içinə girmək üçün onların nə siyasi resursu, nə iqtisadi, nə də insan resursu var.

Bu gün ən pis ssenari belə baş versə – Paşinyanı hakimiyyətdə başqa ad əvəz etsə, – bunun kim olmasından asılı olmayaraq, – onun Azərbaycanın yaratdığı reallıq çərçivəsindən kənara çıxmaq, manevr etmək imkanı yoxdur. Çünki Azərbaycan Prezidenti də son çıxışlarında açıq şəkildə bəyan edir ki, bu, Ermənistan üçün son şansdır: “Bu təklifi irəli sürməklə bir daha biz xoş niyyətimizi göstəririk və yenə də deyirəm, uzaqgörənlik göstəririk. Ermənistanda hərdənbir baş qaldıran revanşist qüvvələr bilməlidirlər ki, bu, Ermənistan üçün yeganə çıxış yoludur və bəlkə də son şansdır. Əgər bundan imtina etsələr, onda biz də Ermənistanın ərazi bütövlüyünü tanımayacağıq, bunu rəsmən bəyan edəcəyik. İkinci Qarabağ müharibəsinin nəticələrini nəzərə alaraq Ermənistan tərəfi yaxşı başa düşməlidir ki, bu addım nəyə gətirib çıxaracaq”.


Milli.Az