Ağsuda baş verən dəhşətli qəzada xəsarət alanların vəziyyətləri ağırdır.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən Oxu.Az-a verilən məlumatda bildirilir ki, mayın 26-da saat 03:20-də Ağsu rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə 2 nəfər (kişi) Şamaxı Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.
2005-ci və 2006-cı il təvəllüdlü şəxslərə baş beyinin silkələnməsi və baş nahiyəsinin açıq yaraları diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib.
Müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilən pasiyentlərin vəziyyəti orta ağır qiymətləndirilir.
Qeyd edək ki, hadisə zamanı daha 2 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.
Ağsu rayonunda baş verən dəhşətli yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, qəzaya düşən gənclər əslən Ağsu rayonundan olsalar da, Bakıda yaşayırlarmış.
Onlar mayın 25-də Bakıdan Ağsu rayonuna istirahətə gəliblər. Rayonun Kalva və Dilman kəndlərində istirahət edən gənclər dünən gecə saatlarında Kalva kəndindən çıxıb Şamaxı rayonuna gedirlərmiş.
Gecə saat 3 radələrində Dilman kəndi ərazisindəki körpüyə yaxınlaşarkən sürücü idarəetməni itirib avtomobili körpüdən aşırıb.
Ağsuda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Dilman kəndi ərazisində qeydə alınıb.
BYD markalı minik avtomobil kənd ərazisində hərəkətdə olarkən idarəetmədən çıxaraq yolun kənarındakı beton bəndə çırpılıb. Avtomobil daha sonra körpüdən Ağsu çayına aşıb.
Hadisə nəticəsində avtomobildə olan 1999-cu il təvəllüdlü Kamran Cəfərov və 2004-cü il təvəllüdlü Səid Qasımov hadisə yerində ölüblər.
Avtomobildə olan daha iki sərnişin – 2005-ci il təvəllüdlü İsmayıl Baxışov və 2006-cı il təvəllüdlü Şahvələd Şəfaqətov müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan Oxu.Az-a bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.



