İstanbulda tələbələr Türkiyə hökumətinin özəl “Bilgi” Universitetini bağlamaq qərarına qarşı üç gün etiraz aksiyası keçiriblər.
Hakimiyyət orqanları mayın 22-də universitetin lisenziyasının ləğv edildiyini “təhsil keyfiyyətinin qənaətbəxş olmaması” səbəbi ilə əlaqələndiriblər.
Nümayişçilər mayın 24-də “Bilgi” Universitetinin qarşısında keçirilən etiraz aksiyası zamanı “İtaətsizlik” yazan lövhələr tutublar. Etiraz aksiyalarında bir neçə yüz tələbə iştirak edib və onlarla tələbə universitet binasını ələ keçirib. “Bianet”in məlumatına görə, polis etirazçıların bəzilərini saxlayıb.
Xatırladaq ki, “Bilgi” Universiteti 1996-cı ildə açılıb. Hazırda orada təxminən 22.000 tələbə təhsil alır. “Reuters”in məlumatına görə, son illərdə Türkiyə hakimiyyəti onun rəhbərliyinə qarşı korrupsiya, vergidən yayınma və çirkli pulların yuyulması ittihamları ilə bir neçə araşdırma aparıb.
//Samir Qurbanov, Editor.az


