ABŞ dövlət katibi Marko Rubionun İrəvana səfəri Ermənistanda siyasi müzakirələri daha da qızışdırıb.
Musavat.com xəbər verir ki, Paşinyan hakimiyyətini tez-tez tənqid edən politoloq Benyamin Matevosyan Rubionun səfərini Ermənistanın daxili siyasətinə təsir cəhdi kimi təqdim edib və ölkənin “geosiyasi qarşıdurma meydanına çevrildiyini” iddia edib.
Matevosyanın fikrincə, Ermənistan cəmiyyətinə Rubionun səfəri Nikol Paşinyana tam siyasi dəstək kimi təqdim olunacaq. Politoloq bunu hətta Ermənistanın daxili işlərinə müdaxilə kimi qiymətləndirib və bir neçə gün əvvəl İrəvanda keçirilmiş Avropa siyasi tədbirlərini də eyni kontekstdə şərh edib. Lakin ekspertin mövqeyində diqqət çəkən məqamlardan biri selektiv yanaşma sayılır. Matevosyan Vaşinqtonun mümkün siyasi təsirindən danışsa da, son aylarda Moskvanın Ermənistan hakimiyyətinə yönəlmiş açıq mesajları, Kreml rəsmilərinin İrəvana ünvanladığı sərt xəbərdarlıqları və Rusiyadan gələn siyasi təzyiqləri xatırlatmır. Halbuki Rusiya rəsmiləri, o cümlədən Kremlə yaxın siyasətçilər və yüksək vəzifəli şəxslər dəfələrlə Ermənistanın xarici siyasət kursunu açıq şəkildə tənqid edib.
Benyamin Matevosyan daha sonra ABŞ-nin regiondakı fəallığını İranla mümkün gərginlik kontekstində qiymətləndirib. Onun fikrincə, Rubionun Ermənistan-İran sərhədi yaxınlığında görünməsi Vaşinqtonun Tehrana müxtəlif təzyiq mexanizmləri saxladığını göstərən siyasi siqnaldır. Politoloq iddia edir ki, Ermənistan hakimiyyəti tədricən Qərb düşərgəsinə yaxınlaşır və bunun nəticəsində ölkə Rusiya ilə İranın maraqları fonunda geosiyasi qarşıdurma meydanına çevrilə bilər.
Matevosyanın açıqlamaları Ermənistanda seçkiöncəsi dövrdə davam edən böyük geosiyasi mübahisələrin bir hissəsi kimi qiymətləndirilir. Bir tərəf Qərbə yaxınlaşmanı təhlükəsizlik və iqtisadi alternativ sayır, digər tərəf isə bunu Moskva və Tehranla münasibətlər baxımından risk kimi təqdim edir.


