Aİ Rusiyaya qarşı yeni sanksiyalar paketinin detallarını açıqlayıbbackend

Aİ Rusiyaya qarşı yeni sanksiyalar paketinin detallarını açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqının Rusiyaya qarşı hazırladığı 21-ci sanksiyalar paketinin bəzi detalları məlum olub.

Editor.az xəbər verir ki, yeni məhdudiyyətlər çərçivəsində Rusiya neftinin qiymət tavanının müvəqqəti olaraq mövcud səviyyədə saxlanılması və sanksiyalardan yayınmağa kömək etdiyi iddia olunan təşkilatlara qarşı tədbirlərin gücləndirilməsi nəzərdə tutulur. Bu barədə  Bloomberg məlumat yayıb.  

Məlumata görə, Avropa Komissiyası Rusiya neftinə tətbiq olunan qiymət tavanını bir barel üçün 44,10 dollar səviyyəsində saxlamağı nəzərdən keçirir. Məqsəd qlobal enerji bazarında qiymətlərin artması fonunda Rusiyanın neft gəlirlərini məhdudlaşdırmaqdır.  

Yeni sanksiyalar paketində həmçinin Rusiyanın məhdudiyyətlərdən yan keçmək üçün istifadə etdiyi iddia olunan qurumlara qarşı tədbirlər müzakirə olunur. Bunların sırasında üçüncü ölkələrdə fəaliyyət göstərən banklar, neft treyderləri, neft emalı müəssisələri və kriptovalyuta operatorları yer alır.  

Məlumatda bildirilir ki, təxminən 20 Rusiya obyektinin də sanksiya siyahısına daxil edilməsi planlaşdırılır. Bundan əlavə, mayeləşdirilmiş təbii qaz daşıyan bəzi gəmilərə qarşı məhdudiyyətlərin tətbiqi nəzərdən keçirilir.  

Hazırda Avropa Komissiyasının təklifləri Aİ-yə üzv dövlətlərlə müzakirə olunur. Ən mübahisəli məsələlərdən biri Rusiyaya aid dəniz daşımalarına tam qadağanın tətbiqidir. Bir sıra ölkələr bu addımın yalnız “Böyük Yeddilik” (G7) ölkələrinin vahid dəstəyi olduğu halda qəbul edilməsinin tərəfdarıdır.  

Xatırladaq ki, Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas daha əvvəl Birliyin Rusiyaya qarşı “qırmızı xətləri” yenidən nəzərdən keçirməyə və 21-ci sanksiyalar paketi üzərində işi sürətləndirməyə hazır olduğunu bəyan etmişdi. 

//Gülnarə Abasova, Editor.az