Yaxın Şərqdə geosiyasi gərginliyin artdığı, İran-ABŞ münasibətlərinin yeni sınaq mərhələsinə daxil olduğu bir dövrdə Ermənistanın Qərblə, xüsusilə ABŞ-la əlaqələrini intensivləşdirməsi region ölkələrinin diqqət mərkəzindədir. Vaşinqtonun İrəvana artan marağı fonunda ABŞ dövlət katibi Marko Rubionun Ermənistana mümkün səfəri də müxtəlif siyasi dairələrdə müzakirələr doğurur. Maraqlı məqamlardan biri isə odur ki, uzun illərdir Azərbaycana qarşı ittihamlar və təbliğat kampaniyaları aparan İran mediası Ermənistan-ABŞ yaxınlaşmasına münasibətdə nəzərəçarpacaq dərəcədə susqun mövqe nümayiş etdirir. Bu yanaşma Tehran-İrəvan münasibətlərinin mahiyyəti və İranın regional prioritetləri ilə bağlı yeni suallar ortaya çıxarır.
Politoloq Azər Qasımov Editor.az-a açıqlamasında bildirib ki, Ermənistan hazırda xarici siyasətində tarixi dönüş yaratmağa çalışır:
“İrəvan Qərblə əlaqələrini daha da gücləndirməyə və Rusiya ilə münasibətlərdə məsafəli siyasət yürütməyə çalışır. Ermənistanın bu kursunun Rusiya və İran tərəfindən tam qəbul olunması real görünməsə də, hələlik hər iki ölkə İrəvana qarşı ciddi addımlar atmır. Bunun əsas səbəblərindən biri Moskva və Tehranın hazırda diqqətlərini digər strateji məsələlərə yönəltməsidir. Həm Rusiya, həm də İran Ermənistanın Qərblə dərin inteqrasiyasını öz təhlükəsizlik maraqları baxımından riskli hesab edir.
Lakin hazırkı mərhələdə hər iki ölkənin ABŞ-la bağlı müəyyən gözləntiləri mövcuddur. İran Vaşinqtonla mühüm danışıqlar prosesindədir. Rusiya isə ABŞ Prezidenti Donald Trampın Ukrayna münaqişəsinin öz maraqlarına uyğun həllində rol oynaya biləcəyinə ümid edir.
İranın Ermənistan siyasəti situativ amillər üzərində qurulmayıb. Tehran və İrəvan arasında uzun illərə söykənən strateji münasibətlər mövcuddur. Ermənistan İran üçün Türk dünyasına qarşı geosiyasi balans elementi kimi mühüm əhəmiyyət daşıyır. Bu məsələ İran hakimiyyəti üçün bir çox digər regional mövzulardan daha vacib hesab olunur. Məhz buna görə də Tehran Ermənistanın xarici siyasət kursuna xüsusi həssaslıq göstərmir.
İran üçün Ermənistanın əhəmiyyəti daha çox onun siyasi mövqeyindən deyil, geostrateji və coğrafi mövcudluğundan qaynaqlanır. Bu səbəbdən ABŞ rəsmilərinin Ermənistana səfərləri və ya Vaşinqton-İrəvan yaxınlaşması İranın yanaşmasında ciddi dəyişiklik yaratmır. Azərbaycana gəldikdə isə, ölkəmizin beynəlxalq tərəfdaşlarla inkişaf edən əlaqələri İran daxilində müəyyən dairələr tərəfindən fərqli qiymətləndirilir və bəzən narahatlıq mənbəyi kimi təqdim olunur. Nəticədə eyni məzmunda olan hadisələrə İran tərəfindən fərqli reaksiyalar verildiyinin şahidi oluruq”.
//Gülnarə Abasova, Editor.az


