Afrika Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri (Africa CDC) Ebola virusu ilə bağlı son statistikanı açıqlayıb.
Editor.az xəbər verir ki, məlumata görə, Konqo Demokratik Respublikasında və Uqandada xəstəlikdən təsdiqlənmiş ölüm hallarının sayı 43 nəfərə yüksəlib.
Qurumun baş direktoru Jan Kaseyanın sözlərinə görə, hər iki ölkədə epidemioloji vəziyyət diqqətlə izlənilir və yoluxmanın qarşısının alınması istiqamətində əlavə tədbirlər həyata keçirilir. Hazırda səhiyyə qurumları yeni yoluxma zəncirlərini müəyyənləşdirmək və virusun yayılmasını məhdudlaşdırmaq üçün monitorinq işlərini davam etdirir.
Mütəxəssislər bildirirlər ki, Ebola yüksək ölüm riski ilə xarakterizə olunan təhlükəli yoluxucu xəstəliklərdən biridir. Virus əsasən yoluxmuş insanların bədən mayeləri ilə təmas nəticəsində yayılır və sürətli epidemioloji nəzarət tələb edir.
Beynəlxalq səhiyyə təşkilatları bölgədə vəziyyəti yaxından izləyir və yerli hakimiyyət orqanları ilə birgə profilaktik tədbirlərin gücləndirilməsi istiqamətində əməkdaşlıq edir. Hazırda xəstəliyin daha geniş ərazilərə yayılmasının qarşısının alınması əsas prioritetlərdən biri hesab olunur.
//Gülnarə Abasova, Editor.az


