Rusiya–Ukrayna müharibəsi artıq uzun müddətdir ki, təkcə hərbi deyil, həm də siyasi və diplomatik müstəvidə ciddi gərginlik mənbəyi olaraq qalır. Tərəflər arasında qarşılıqlı bəyanatlar və xəbərdarlıqlar isə vəziyyətin daha da kəskinləşə biləcəyi ehtimalını gündəmdə saxlayır. Bu kontekstdə verilən hər yeni açıqlama beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənilir və regionda mümkün eskalasiya riskləri müzakirə olunur.
ƏHD Partiyasının ictimai-siyasi məsələlər üzrə katibi, politoloq Azər Qasımov Editor.az-a açıqlamasında bildirib ki, Ukrayna-Rusiya müharibəsi bütün qırmızı xətləri aşdığı üçün tərəflərin səsləndirdiyi bəyanatlar artıq daha çox xəbərdarlıq və təzyiq xarakteri daşıyır:
“Ukraynanın son dövrlərdə daha sərt bəyanatlar verməsi onun artan özünəinamı ilə bağlıdır. Bu isə ölkənin dron və raket istehsalı sahəsində daxili resurslar hesabına əldə etdiyi irəliləyişlərlə əlaqələndirilir. Rusiya tərəfinin sərt ritorikası isə Ukraynanın artıq ona real təhlükə yarada biləcək səviyyəyə yüksəlməsi ilə izah olunur. Əvvəllər Moskva daha çox aqressiv və işğalçı tonla çıxış edirdisə, indi isə qarşılıqlı təhlükə faktorunu daha çox nəzərə alan mövqelər səsləndirilir. Hətta Vladimir Putin tərəfindən Volodimir Zelenskiyə münasibətdə ritorik yumşalma və müharibənin bitməsi ehtimalının dilə gətirilməsi də diqqət çəkir. Bu isə Rusiyanın mövqeyində müəyyən dəyişikliklərin baş verdiyini göstərir. Eyni zamanda, ölkənin iqtisadi və hərbi resursları da ciddi təzyiq altındadır. Mən hesab edirəm ki, hazırkı ritorika daha çox kompromisə yönəlmiş siqnallar daşıyır və bu da müharibənin gələcəkdə başa çatması ehtimalını gücləndirir”.
//Gülnarə Abasova, Editor.az


