Ermənistanın Rusiya istehsalı olan Su-30SM qırıcı təyyarələrinə İran istehsalı olan “Yasin” sinifli ağıllı bombalar inteqrasiya etdiyi ortaya çıxıb. Analitiklərin dəyərləndirmələrinə görə, İrəvanda keçirilən hərbi parad zamanı uçan Su-30SM qırıcı təyyarələrinin İran istehsalı olan dəqiq idarə olunan bombalar daşıdığı müşahidə edilib. Bu fakt Ermənistanın Rusiya istehsalı olan təyyarələrini Moskvadan deyil, Tehrandan gətirilən silahlarla təchiz etdiyinə dair ən aydın dəlilləri ortaya qoyur. Medianın yazdığına görə, paradda əsasən Rusiya, Hindistan, Fransa, İran, Çin, eləcə də yerli istehsal olan hərbi texnika keçid edib.
Bəs İran bombalarının erməni ordusunda olması bizi narahat etməlidirmi?
Hərbi ekspert Səxavət Məmməd Musavat.com-a deyib ki, Ermənistanın hərbi arsenalını şaxələndirmək cəhdləri və müxtəlif ölkələrdən, o cümlədən İrandan silah-sursat, xüsusilə “Yasin” tipli idarə olunan bombalar əldə etməsi regionda ciddi şəkildə izlənilir: “Sözsüz ki, Azərbaycan sərhədində baş verən hər bir hərbi yenilik, hər bir yeni silah növü Azərbaycanın müdafiə sistemləri tərəfindən qeydə alınır və adekvat cavab tədbirləri planlaşdırılır. Bu mənada, hərbi baxımdan narahatlıq yox, tam nəzarət və sayıqlıq fonunda profilaktik addımların atılması əsas şərtdir. Bu məsələdə birtərəfli qaydada yalnız İranı hədəf almaq və ya ittiham etmək siyasi baxımdan tam mənzərəni əks etdirmir. Bu gün regionda və onun hüdudlarından kənarda maraqları olan bir çox dövlətlər Ermənistanla iqtisadi, ticarət və hərbi əməkdaşlığı davam etdirirlər”.

Onun fikrincə, unutmaq olmaz ki, beynəlxalq münasibətlər sistemində hər bir dövlət özünün iqtisadi və geostrateji maraqlarından çıxış edir: “Cənubi Qafqazda kommunikasiyaların, ticarət əlaqələrinin və regional layihələrin aktiv olduğu bir dövrdə, qarşılıqlı iqtisadi asılılıqlar fonunda hər hansı bir qonşuya qarşı kəskin ittihamlar irəli sürmək diplomatik baxımdan effektiv deyil. Çünki Azərbaycanın özü belə Ermənistanla ticarət əlaqələri qurmaqdadır. Misal üçün Ermənistanda keçirilən hərbi parad zamanı Çin istehsalı olan dronları da müşahidə etdik. Azərbaycanın keçirdiyi hərbi paradda da Çin istehsalı olan hava hücumundan müdafiə sisteminin aldığını görmüşdük. Ermənistanın Rusiya ilə əlaqələri son dərəcə gərgin görünür, ancaq Ermənistan Rusiyadan yeni silahlar da əldə edib və bunu hərbi paradda nümayiş etdirdilər”.
Hərbi ekspertin fikrincə, Ermənistan müasir silahlar əldə etməyə çalışır: “Ermənistanın əldə etdiyi silahlar həm müdafiə, həm də hücum xarakterlidir. Ermənistan xüsusilə hava hücumundan müdafiə sistemləri, anti-dron sistemləri əldə edib. Paralel olaraq da, Ermənistan dron sənayesini ciddi şəkildə inkişaf etdirmək niyyətindədir. Paşinyan hər nə qədər sülhdən danışsa da, real vəziyyət ondan ibarətdir ki, müdafiə xərclərini azaltmayıblar. Real vəziyyət ondan ibarətdir ki, regionda təhlükə, toqquşma riski var və olacağı da gözləniləndir. Amma Azərbaycan öz hərbi qüdrətini və hava hücumundan müdafiə sistemlərini istənilən riskə cavab verəcək səviyyədə inkişaf etdirib”.


