Dermatoloq və trixoloq, tibb elmləri doktoru Yuliya Qallyamova saçların tez yağlanaraq çirkli görünməsinin səbəblərini açıqlayıb.
Editor.az xəbər verir ki, mütəxəssisin sözlərinə görə, bu problem hər zaman gigiyena ilə bağlı olmur. Əksər hallarda səbəb piy vəzilərinin həddindən artıq aktiv işləməsi ilə əlaqədardır.
Həkim bildirib ki, saçların sürətlə çirklənməsinə təsir edən beş əsas amil var: başın həddindən artıq tez-tez yuyulması, yanlış qulluq vasitələrinin seçilməsi, ətraf mühitin təsiri, hormonal dəyişikliklər və xroniki stress.
Qallyamovanın sözlərinə görə, ən geniş yayılmış səbəblərdən biri paradoksal olaraq həddindən artıq gigiyenadır: “Saçların tez-tez və aqressiv tərkibli şampunlarla yuyulması baş dərisinin qoruyucu baryerini zəiflədir. Nəticədə orqanizm quruluğun qarşısını almaq üçün daha çox piy ifraz etməyə başlayır və saçlar daha tez yağlanır. Baş yalnız ehtiyac olduqda yuyulmalı və çox isti sudan istifadə edilməməlidir”.
Həkim qeyd edib ki, düzgün seçilməmiş şampun, kondisioner və digər qulluq vasitələri də problemin yaranmasına səbəb ola bilər. Xüsusilə qidalandırıcı məhsullar saçları ağırlaşdırır, onların qalıqları isə baş dərisində toplanaraq yağlı görünüş yaradır. Balzam və maskaların saç diblərinə çəkilməsi də tez yağlanmanı artıran səhvlər sırasındadır.
Mütəxəssis ətraf mühit faktorlarının da mühüm rol oynadığını vurğulayıb:
“Rütubətli iqlim, yüksək temperatur və tekstil məhsullarının kifayət qədər təmiz saxlanılmaması saçların daha tez çirklənməsinə şərait yaradır. Yastıq üzlərinin ən azı həftədə bir dəfə dəyişdirilməsi tövsiyə olunur. Bundan əlavə, sintetik materiallardan hazırlanmış baş geyimləri tərləməni artıraraq baş dərisinin yağlanmasını sürətləndirə bilər.
Hormonal fon da piy vəzilərinin fəaliyyətinə birbaşa təsir göstərən əsas amillərdən biridir. Yeniyetməlik dövründə, hamiləlik zamanı və menopauza mərhələsində saçların daha yağlı olması tez-tez müşahidə olunur”.
Qallyamova əlavə edib ki, qidalanma və həyat tərzi də saçların vəziyyətinə təsirsiz ötüşmür. Şəkərli qidaların, fastfudun və yüksək dərəcədə emal olunmuş məhsulların həddindən artıq qəbulu dəri piyinin tərkibini dəyişə bilər. Eyni zamanda, xroniki stress nəticəsində kortizol hormonunun səviyyəsinin yüksəlməsi piy vəzilərinin fəaliyyətini gücləndirərək saçların daha tez çirklənməsinə səbəb olur.
Mütəxəssisin fikrincə, hormonal xüsusiyyətlər və piy vəzilərinin quruluşu kimi bəzi faktorları dəyişmək mümkün olmasa da, düzgün qulluq və sağlam həyat tərzi vasitəsilə problemin təsirini əhəmiyyətli dərəcədə azaltmaq mümkündür.
//Gülnarə Abasova, Editor.az


