Türkiyədə 26 illik həyat yoldaşını avtobus dayanacağında başından vuraraq qətlə yetirən Serkan Ürkmezlə bağlı ittihamnamə tamamlanıb.
Hadisə Çatalcanın Binkılıç Atatürk məhəlləsində baş verib.
İddialara görə, Serkan Ürkmez həyat yoldaşı Gülten Ürkmezlə mübahisədən sonra evi tərk edib. Üç gün sonra məhəlləyə qayıdan şübhəli avtobus dayanacağında qarşılaşdığı həyat yoldaşını baş nahiyəsindən vuraraq öldürüb.
Araşdırma zamanı məlum olub ki, şübhəli hadisədən bir gün əvvəl həyat yoldaşının iş yerinə üzərində “Səni ölümsüzlüklə sevdim, Serkan” sözləri yazılmış çələng göndərib. Bundan başqa, o, sosial media hesabında qətldə istifadə edilən silahın fotosunu paylaşaraq “Hər şey tezliklə bitəcək” qeydini yazıb.
İttihamnamədə Serkan Ürkmezin həyat yoldaşını motosikletlə izlədiyi, hadisəni əvvəlcədən planlaşdırdığı və qətli qəsdən törətdiyi vurğulanıb. Prokurorluq onun “həyat yoldaşını qəsdən öldürmə” maddəsi ilə ağırlaşdırılmış ömürlük həbsə, həmçinin “qanunsuz odlu silah saxlama və gəzdirmə” maddəsi ilə 2 ildən 4 ilədək həbsə məhkum edilməsini tələb edib.
Şübhəli ifadəsində hadisə zamanı sərxoş olduğunu, silahın təsadüfən atəş açdığını və əslində özünü öldürmək istədiyini iddia edib. Lakin prokurorluq bu versiyanı qəbul etməyib.
Məhkəmə Tibbi Ekspertizasının rəyinə əsasən, Gülten Ürkmezə atəş yaxın məsafədən açılıb. İttihamnamədə qətlin qəfil deyil, əvvəlcədən düşünülmüş və planlaşdırılmış şəkildə törədildiyi qeyd olunub.
Musavat.com




