Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın Azərbaycana səfəri və bu səfər zamanı verilən açıqlamalar Bakı–Brüssel münasibətlərində əməkdaşlığın yeni mərhələyə keçdiyini göstərir. Səfər çərçivəsində enerji, nəqliyyat və digər strateji sahələrdə əməkdaşlığın genişləndirilməsi ilə bağlı mesajlar, tərəflər arasında artan siyasi dialoq və qarşılıqlı marağın daha da gücləndiyini ortaya qoyur.
Milli Məclisin deputatı Azər Badamov Editor.az-a açıqlamasında bildirib ki, Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın Azərbaycana səfəri və əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulaması tərəflər arasında münasibətlərin inkişaf dinamikasını bir daha nümayiş etdirib.
“Bu yanaşma Avropa Komissiyasının mövqeyinin digər Avropa institutlarının bəzən daha tənqidi, riyakar və ikili standartlar üzərində qurulmuş mövqelərindən fərqləndiyini göstərir. Avropa Komissiyası Azərbaycanla ticarət, nəqliyyat və rəqəmsal texnologiyalar sahəsində əməkdaşlığın genişləndirilməsi üçün ciddi potensialın mövcud olduğunu qeyd edir və bu istiqamətdə müzakirələr aparır. Xüsusilə enerji sahəsində tərəfdaşlıq münasibətlərin əsas sütunlarından biri kimi çıxış edir. 2022-ci ildə Avropa Komissiyasının sədri Ursula von der Leyenin Azərbaycana səfəri çərçivəsində enerji əməkdaşlığının genişləndirilməsinə dair mühüm saziş imzalanmışdır. Həmin sazişə uyğun olaraq Azərbaycan Avropa İttifaqına qaz ixracını artırmağı öhdəsinə götürmüş və artıq bu istiqamətdə real nəticələr əldə olunmuşdur.
Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş kimi çıxış edir. Avropa ölkələri daha böyük həcmdə qaz tədarükündə maraqlıdırlar. Bunun üçün isə mövcud enerji infrastrukturunun genişləndirilməsi, yeni interkonnektorların tikintisi və xüsusilə TAP layihəsinin genişləndirilməsi vacib hesab olunur. Bu istiqamətdə əlavə investisiyaların cəlb edilməsi məsələləri də müzakirə olunur.
Eyni zamanda, Kaya Kallasın regiona səfəri çərçivəsində həm Ermənistana, həm də Azərbaycana baş çəkməsi Avropa İttifaqının Cənubi Qafqazda balanslı və praqmatik siyasət yürütməyə çalışdığını göstərir. Avropa Komissiyası regionda sülh gündəliyini dəstəklədiyini və bu prosesə töhfə verməyə hazır olduğunu bildirir”.
Millət vəkili bildirib ki, ümumilikdə Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlər bu gün əsasən siyasi dialoq üzərində qurulub və qarşılıqlı etimada əsaslanır.
“Prezident İlham Əliyev ilə Avropa İttifaqı rəhbərliyi arasında imzalanan sənədlər bu əlaqələrin strateji xarakter daşıdığını təsdiqləyir. Bu əməkdaşlıq nəqliyyat, rəqəmsallaşma, ənənəvi və bərpaolunan enerji və təhlükəsizlik sahələrində daha da dərinləşərək həm regionun sabitliyinə, həm də Avropa ilə Asiya arasında əlaqələrin inkişafına mühüm töhfə verir. Müasir dövrdə qlobal təhlükəsizlik çağırışlarının artdığı bir şəraitdə Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsi Avropa İttifaqı üçün də yeni perspektivlər açır və tərəfdaşlığın əhəmiyyətini daha da artırır”.
//Gülnarə Abasova, Editor.az

