Azərbaycan-İran münasibətlərində son dövrlər müşahidə olunan gərginlik fonunda tərəflərin qarşılıqlı addımları və rəsmi bəyanatları diqqət çəkir. Xüsusilə media resurslarına qarşı tətbiq olunan məhdudiyyətlər və qarşılıqlı ittihamlar iki ölkə arasında münasibətlərin yenidən həssas mərhələyə daxil olduğunu göstərir. Bakı dəfələrlə regional sabitlik, qarşılıqlı hörmət və suverenliyə müdaxilə edilməməsi prinsipləri əsasında qonşu dövlətlərlə münasibətlərin inkişafında maraqlı olduğunu nümayiş etdirib. Lakin son proseslər fonunda İran daxilindəki siyasi yanaşmaların Azərbaycanla münasibətlərə mümkün təsiri məsələsi yenidən gündəmə gəlib.
Politoloq Elçin Xalidbəyli Editor.az-a açıqlamasında bildirib ki, İranda hakimiyyət hazırda müəyyən mənada parçalanmış durumdadır:
“Çünki Yaxın Şərq savaşı hakimiyyətin yuxarı eşalonunun parçalanmasına yol açıb. Bir tərəf İranın sülh və sabitlik şəraitində qonşu ölkələrlə normal münasibətlər quraraq münasibətlərini inkişaf etdirməsinin tərəfdarı kimi çıxış edir. Digər, daha mühafizəkar və aqressiv qanad isə İranın qonşu ölkələrə təzyiq göstərməsini ön planda tutur. Yəni İranı qonşu ölkələr üçün ciddi problemə çevirməyə çalışırlar. O cümlədən də Azərbaycanla münasibətlərin gərginləşdirilməsinin əsas impulsverici qüvvəsi kimi çıxış edirlər.
Hazırda Azərbaycan və İran arasında mövcud olan bütün neqativ istiqamətli proseslərin müəllifi də məhz İran hakimiyyətinin mühafizəkar və aqressiv qanadıdır. Bu mühafizəkar və aqressiv qanad Azərbaycanla münasibətlərin normal şəraitdə inkişaf etdirilməsinə pozitiv yanaşmır. Əksinə, daim bir gərginliyin olması üçün əlindən gələn hər şeyi edir və bunun üçün də çox məntiqsiz, absurd bəhanələr axtarıb tapır.
Onun sözlərinə görə, İran hakimiyyətinin mühafizəkar qanadının Azərbaycana qarşı çox qərəzli olduğu müşahidə olunur:
“Yeni hazırda Azərbaycan və İran arasındakı bütün problemlərin və gərginliyin əsas müəllifi və səbəbkarı məhz İran hakimiyyətindəki mühafizəkar və aqressiv qanadın təmsilçiləridir.
İki ölkə arasında münasibətlərin inkişaf etmək perspektivləri daha ön planda olduğu bir vaxtda məhz həmin mühafizəkar və aqressiv qanad Azərbaycan və İran arasındakı münasibətlərin gərginləşərək daha tünd rənglər alması istiqamətində addımlar atır və son vaxtlar baş verənlər, yayılan bəyanatlar məhz bunu təsdiqləyir”.
//Gülnarə Abasova, Editor.az

