İsrailin Baş naziri Benyamin Netanyahunun Vaşinqtona səfəri çərçivəsində ABŞ Konqresinin Demokrat üzvü, senator Con Fetterman ilə görüşü sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
görüş zamanı Fettermanın qeyri-rəsmi geyimdə iştirak etməsi və söhbət əsnasında mobil telefonundan istifadə etməsi diqqət çəkib.
Netanyahu ABŞ Prezidenti Donald Tramp və vitse-prezident Cey Di Venslə keçirdiyi görüşlərdən sonra senator Con Fettermanla da bir araya gəlib.
Görüş zamanı Fetterman rəsmi protokolda adətən üstünlük verilən klassik geyim əvəzinə şort və idman ayaqqabısı seçib. Bu görüntülər qısa müddətdə sosial şəbəkələrdə geniş yayılıb.
Yayılan kadrlarda Netanyahu çıxış etdiyi vaxt senatorun mobil telefonundan istifadə etdiyi və uzun müddət qarşı tərəfə baxmadığı görünür.
Fettermanın bu davranışı sosial media istifadəçiləri arasında müxtəlif reaksiyalara səbəb olub. Bəziləri bunu qeyri-rəsmi üslubun davamı kimi qiymətləndirib, digərləri isə diplomatik protokol baxımından uyğun hesab etməyiblər. Görüşlə bağlı senatorun ofisi və ya İsrail tərəfi rəsmi açıqlama verməyib.
Musavat.com


