“Gedirəm” ayrılıq demək deyil? – Psixoloq münasibətlərdəki gizli mesajı AÇIQLADIbackend

“Gedirəm” ayrılıq demək deyil? – Psixoloq münasibətlərdəki gizli mesajı AÇIQLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Münasibətlərdə emosional gərginlik zamanı verilən reaksiyalar bəzən insanın əsl niyyətini tam əks etdirməyə bilər. Yaxınlıq ehtiyacı ilə inciklik, itirmək qorxusu ilə uzaqlaşmaq istəyi arasında qalan insanın davranışları ziddiyyətli görünə bilər. Belə məqamlarda söylənilən sözlərin arxasında hansı emosional ehtiyacların dayandığını anlamaq münasibətlərdə yaranan yanlış anlaşılmaların səbəblərini daha aydın görməyə imkan verir.

Psixoloq Kəmalə Əfəndi Editor.az-a açıqlamasında deyib ki,  bəzən “gedirəm” ayrılıq cümləsi deyil, deyilə bilməyən “Məni itirmə” cümləsinin başqa formasıdır:

“Münasibətlərdə mübahisədən sonra qəfil ünsiyyəti kəsmək, “bitdi” demək və ya emosional olaraq geri çəkilmək çox vaxt qəti ayrılıq qərarı kimi qəbul edilir. Halbuki klinik praktikada bu davranışın arxasında hər zaman münasibəti bitirmək istəyi dayanmır.

Bağlanma nəzəriyyəsinə (Attachment Theory) görə, insanın yaxın münasibətlərdə verdiyi reaksiyalar uşaqlıq dövründə formalaşan bağlanma nümunələri ilə sıx əlaqəlidir. Xüsusilə narahat bağlanma tərzinə malik şəxslər rədd edilməyə daha həssas olur və emosional təhlükə hiss etdikdə paradoksal davranışlar nümayiş etdirə bilirlər. Onlar yaxınlıq istədikləri halda, incindikləri anda münasibətdən uzaqlaşa bilirlər.

Psixodinamik yanaşmada bu davranış bəzən müdafiə mexanizmi kimi qiymətləndirilir. İnsan emosional ağrını, dəyərsiz hiss etməyi və ya rədd edilmə qorxusunu birbaşa ifadə etmək əvəzinə, münasibətdən geri çəkilərək özünü psixoloji cəhətdən qorumağa çalışır.

Bu səbəbdən “gedirəm” cümləsi bəzən “Məni eşidirsənmi?”, “Bu münasibətdə mənim yerim varmı?”, “Mən sənin üçün nə qədər önəmliyəm?” kimi ifadə olunmayan emosional ehtiyacların dolayı şəkildə çatdırılması ola bilər.

Onum sözlərinə görə, lakin bu davranışın bir riski var:

“Qarşı tərəf çox vaxt deyilən sözün arxasındakı ehtiyacı deyil, davranışın özünü görür. Nəticədə bir tərəf “məni anla” mesajı verdiyini düşünərkən, digər tərəf bunu “münasibət bitib” kimi qəbul edə bilər.

Burada mühüm bir fərqi vurğulamaq lazımdır. Münasibətdən uzaqlaşan hər insanın motivasiyası eyni deyil. Bu davranış bəzən emosional tənzimləmə çətinliyi, bəzən manipulyativ ünsiyyət, bəzən isə həqiqətən ayrılmaq qərarı ilə əlaqəli ola bilər. Psixologiyada tək bir davranış əsasında insanın niyyətini müəyyən etmək mümkün hesab edilmir.

Sağlam münasibətlərdə emosional ehtiyaclar davranışlarla yox, sözlərlə ifadə olunur. “Mən incinmişəm”, “Özümü dəyərsiz hiss etdim” və ya “Hazırda mənə yaxınlığını hiss etməyə ehtiyacım var” kimi ifadələr münasibətdə təhlükəsizlik hissini artırır. Çünki münasibətləri qoruyan tərəflərin bir-birini sınağa çəkməsi deyil, bir-birini anlaya bilməsidir”.

//Gülnarə Abasova, Editor.az