Braziliyada okeanın qorunması üçün insan saçından istifadə edilirbackend

Braziliyada okeanın qorunması üçün insan saçından istifadə edilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ekoloqlar insanların bağışladığı saç tellərindən dənizdə üzən xüsusi baryerlər hazırlayırlar. Bu qurğuların əsas məqsədi neft sızmalarının və digər çirkləndiricilərin sahilyanı ərazilərə yayılmasının qarşısını almaqdır.

Editor.az xəbər verir ki, ilk sınaqlar Rio-de-Janeyro şəhərində yerləşən Quanabara körfəzinin sahilində keçirilib. Uzun illərdir müxtəlif çirklənmə problemləri ilə üzləşən körfəzdə yeni texnologiyanın effektivliyi yoxlanılıb.

Mütəxəssislərin sözlərinə görə, saçdan hazırlanan baryerlər dənizdə dörd aya qədər qala və gəmilərdən yayılan çirkləndiriciləri, qanunsuz tullantıları və digər mənbələrdən daxil olan neft məhsullarını özündə toplaya bilər.

Kimyaçı Karolin Karvalyu bildirib ki, bu texnologiya artıq Çili və ABŞ-da da tətbiq olunur.

Məlumata görə, Braziliyada onlarla bərbərxana layihəyə dəstək olaraq kəsilmiş saçları bağışlayıb. Saçdan əlavə, çirkləndiricilərin filtrasiya prosesində heyvan yunundan da istifadə edilə bilər.

Mütəxəssislər insan saçının neft məhsullarını özünə çəkmək xüsusiyyətindən yararlanaraq onu ekoloji təmizləmə vasitəsinə çevirirlər. Beləliklə, tullantı hesab olunan saç həm təkrar emala cəlb edilir, həm də dəniz ekosistemlərinin qorunmasına xidmət edir.

//Gülnarə Abasova, Editor.az