Gündəlik həyatın müxtəlif situasiyalarında — istər ailə süfrəsində, istər işgüzar görüşdə, istərsə də dostlar arasında aparılan söhbətlərdə — ünsiyyət zamanı müəyyən davranışlar qarşı tərəfdə narahatlıq yarada bilər. Belə hallardan biri də danışanın fikrini tamamlamasına imkan vermədən söhbətə müdaxilə edilməsidir. Bu davranışın səbəbləri hər zaman eyni olmur və ona düzgün reaksiya vermək üçün ilk növbədə onun arxasında dayanan psixoloji amilləri anlamaq vacibdir.
Sözünüzü daim kəsən insanın arxasında nə dayanır?
Psixoloq Leyla Əli Editor.az-a açıqlamasında bildirib ki, ailə süfrəsində, iş görüşündə və ya dost söhbətində tez-tez rast gəlinən davranışlardan biri də qarşı tərəfin fikrini tamamlamasına imkan vermədən söhbətə müdaxilə etməkdir:
“İlk baxışda bu davranış hörmətsizlik və ya eqoizm kimi görünə bilər. Lakin psixoloji baxımdan söz kəsmənin tək bir səbəbi yoxdur. Bəzi insanlar ağlına gələn fikri saxlamaqda çətinlik çəkir və dərhal danışmağa başlayırlar. Burada əsas problem qarşı tərəfi susdurmaq deyil, impulsu gecikdirə bilməməkdir. Ünsiyyət davranışları böyük ölçüdə uşaqlıq və ailə mühitində formalaşır. Əgər insanın böyüdüyü mühitdə bir-birinin sözünü kəsmək adi hal olubsa, o, bunu sonradan normal ünsiyyət forması kimi qəbul edə bilər.
Bəzi hallarda söz kəsmək söhbətdə üstün mövqe tutmaq və qarşı tərəfin fikrini idarə etmək cəhdi ola bilər. Xüsusilə insan daim başqasının fikrini düzəldir, onun yerinə cavab verir və söhbətin istiqamətini özü müəyyənləşdirirsə, burada dominant ünsiyyət modeli düşünülə bilər.
Yüksək narahatlıq zamanı insanın diqqəti öz düşüncəsinə yönələ bilər. “İndi deməsəm, yadımdan çıxacaq” düşüncəsi qarşı tərəfin cümləsi tamamlanmadan danışmağa səbəb ola bilər. Bəzən isə söz kəsmək əlaqə yaratmaq cəhdidir. İnsan “mən də bunu yaşamışam” demək üçün dərhal müdaxilə edir. Niyyət empatik olsa da, davranış qarşı tərəfdə “məni dinləmir” hissi yarada bilər.
Belə vəziyyətdə ən sağlam yanaşma nə aqressivləşmək, nə də tamamilə susmaqdır. Sərhədi sakit və konkret şəkildə ifadə etməkdir. Məsələn: “Fikrimi tamamlayım, sonra səni dinləyəcəyəm” və ya “Bir dəqiqə, cümləmi bitirim”.
Əgər bu davranış təkrarlanırsa, artıq daha açıq şəkildə demək olar: “Mən danışarkən sözüm kəsiləndə özümü eşidilməmiş hiss edirəm. Xahiş edirəm, fikrimi tamamlamama imkan ver”.
Burada məqsəd qarşı tərəfi “tərbiyəsiz” adlandırmaq deyil, davranışın sizə təsirini göstərməkdir. Çünki söz kəsmənin səbəbi impulsivlik, narahatlıq, öyrənilmiş davranış və ya dominantlıq ola bilər. Lakin səbəb nə olursa olsun, qarşı tərəfin niyyəti davranışın sizdə yaratdığı təsiri avtomatik olaraq ləğv etmir.
Sağlam ünsiyyət yalnız danışmaq bacarığı deyil. Dinləmək, gözləmək və qarşı tərəfə fikrini tamamlamaq üçün psixoloji məkan vermək bacarığıdır”.
//Gülnarə Abasova, Editor.az

