İranın regional təhlükəsizlik təşəbbüsləri Yaxın Şərqdə və Cənubi Qafqazın yaxın coğrafiyasında yeni təhlükəsizlik arxitekturasının formalaşdığı bir dövrdə diqqət çəkir. Ankara, İslamabad və Ər-Riyad arasında təhlükəsizlik əməkdaşlığının dərinləşməsi fonunda Tehranın regional hərbi ittifaq ideyasını yenidən gündəmə gətirməsi bölgədə mümkün yeni siyasi və təhlükəsizlik formatları ilə bağlı suallar doğurur. Bu proseslərin Azərbaycanın yerləşdiyi geosiyasi mühitə mümkün təsirləri də ayrıca diqqət tələb edir.
Siyasi analitik Aydın Quliyev Editor.az-a açıqlamasında bildirib ki, İranın regional təhlükəsizlik və regional hərbi ittifaq yaratmaq çağırışları Məkkə sazişindən sonra nisbətən fəallaşıb:

“Həm də indiyə qədər bu məsələ ilə bağlı müəyyən qədər diplomatik leksikonda danışan Tehran, Məkkə sazişindən sonra daha açıq mesajlar verməyə başlayır. Bu nöqteyi-nəzərdən İranın Ali Dini Rəhbərinin müşaviri Səfəvinin sözləri tamamilə açıq mesajlar kimi qəbul oluna bilər. İran zatən bölgədə təhlükəsizlik və hərbi ittifaq qurulması üçün çoxdan çalışır. Bu, onun çoxdankı niyyətidir. İranın bölgədə yeni təhlükəsizlik və hərbi ittifaq sxemləri qurmaq planları özünü ötən il, bu il fevralın 28-də İsrail-Amerika zərbələrindən sonra daha açıq şəkildə ifadə olunmağa başlayır.
İran bu mövzuda fevralda başlayan müharibədən sonra daha intensiv eyhamlar vurmağa başlayır. Eyni zamanda, İran regional təhlükəsizlik və hərbi ittifaqın əsas sxemini məhz Amerikasız bölgə prinsipi üzərində qurur. Ona görə də İran çalışır ki, bu bölgədə dövlətlərin təhlükəsizlik və hərbi ittifaqını əsasən Amerikanın bölgədən getməsi şərti çərçivəsində yaratsın. Ona görə də açıq şəkildə Körfəz ölkələrinə mesajlar verir. Amerikanın bu bölgədən çəkilib getməsini açıq tələb kimi ortaya qoyur və eyni zamanda bu bölgədə təhlükəsizlik və hərbi ittifaqın Amerikasız variantda yaradılmasını daha məqbul hesab edir”.
Onun sözlərinə görə, İranın yeni ittifaq barədə bəyanatlarının Məkkə sazişindən sonraya təsadüf etməsi təsadüfi deyil:
“Burada iki qənaətə gəlmək və iki variant üzərində dayanmaq lazımdır. İran belə bəyanatları indi daha açıq şəkildə səsləndirməklə bir tərəfdən Türkiyənin, Pakistanın və Səudiyyə Ərəbistanının yaratdığı bu hərbi-müdafiə ittifaqına qoşulmaq niyyətini eyhamlar şəklində ortaya qoymaq istəyir. Aydın məsələdir ki, hələ biz İrandan bu ittifaqa qoşulmaq barədə açıq bir bəyanat eşitməmişik. Amma hiss olunur ki, İran bu regional dövlətlərarası inteqrasiyadan kənarda qalmaqdan məmnun deyil və dəvət olunacağı təqdirdə, ehtimallara görə, İran bu ittifaqa, Türkiyə, Pakistan və Səudiyyə ittifaqına qoşulmağa meyllidir. Verilən bəyanatların birinci hədəfi bu cür eyhamı həmin üç ölkənin rəhbərlərinə çatdırmaqdır. İkincisi isə, bəli, əgər İran belə bir ittifaqda təmsil olunmazsa, onda cavab olaraq bölgədə özünəməxsus bir təhlükəsizlik və hərbi-müdafiə ittifaqının yaradılmasına cəhd göstərəcək.
Onun hazırkı narazı tonda ifadə etdiyi bəyanatlar Türkiyənin, Pakistanın və Səudiyyənin yaratdığı üçlər ittifaqına alternativ bir blokun yaradılması mesajına da malikdir. Yəni İran nümayiş etdirmək istəyir ki, əgər onu belə bir blokdan kənarda qoysalar, İran özü regionda müəyyən ölkələrdən ibarət ittifaq yaratmağa cəhd göstərəcək.
Və nəhayət, sonuncu variant ehtimal ondan ibarətdir ki, İran bölgədə hazırda bu dövlətlərin inteqrasiya formatına qoşula bilməsə, açıq-aşkar şəkildə onun əleyhinə öz iradəsini və mövqeyini ortaya qoyacaq. Bir sözlə, bölgədə dövlətlərin bir-birinə yaxınlaşmasını, bloklaşmasını hələlik keçid prosesi kimi qiymətləndirmək lazımdır. Bu, yeni blokların yaranmasına da gətirib çıxara bilər, eyni zamanda İranın da Türkiyə, Pakistan, Səudiyyə ittifaqına qoşulmasına gətirib çıxara bilər. İranın açıq şəkildə Məkkə sazişinə qarşı diplomatik, siyasi və hərbi müstəvidə mübarizə aparması variantı, forması şəklində də özünü göstərə bilər”.
//Gülnarə Abasova, Editor.az

