Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 1 km aralı, dənizdə nəzarətsiz ərazidə 4 nəfərin batması barədə ilkin məlumat daxil olub.
Editor.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Dalğıc-xilasedicilər tərəfindən həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində vətəndaşlar – 1985-ci il təvəllüdlü Aysel Bəkir qızı Əliyeva, 2009-cu il təvəllüdlü Elmira Rauf qızı Rüstəmova və 2019-cu il təvəllüdlü Nuray Rauf qızı Rüstəmova xilas ediliblər.
Dalğıclar tərəfindən 2013-cü il təvəllüdlü Aylin Rauf qızı Rüstəmovanın meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Fövqəladə Hallar Nazirliyi bir daha vətəndaşlara müraciət edərək müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə, o cümlədən nəzarət olunmayan qeyri-çimərlik ərazilərdə çimməməyə və küləkli hava şəraitində dənizə girməməyə çağırır.

