Son illərdə qlobal siyasətdə müşahidə olunan dinamik dəyişikliklər beynəlxalq güc mərkəzləri arasında yeni balans axtarışını daha da aktuallaşdırıb. Bu kontekstdə Çinin artan diplomatik fəallığı təkcə regional deyil, həm də qlobal səviyyədə ciddi diqqət mərkəzinə çevrilməkdədir. Pekinin müxtəlif güc mərkəzlərindən yüksək səviyyəli səfərləri qəbul etməsi, ölkənin beynəlxalq sistemdə artan roluna dair müzakirələri daha da intensivləşdirir.
AĞ Partiya sözçüsü, beynəlxalq münasibətlər üzrə şərhçi Cavanşir Abbaslı Editor.az-a açıqlamasında bildirib ki, Çin uzun müddətdir ki, dünya miqyasında bütün əsas sahələr üzrə təsir gücünü artırmaq istiqamətində ciddi və ardıcıl siyasət həyata keçirir:

“Son dövrlərdə bu strateji niyyətlərin daha açıq şəkildə reallaşdığının şahidi oluruq. Hesab edirəm ki, mayın 13–15 tarixlərində Trampın Çinə səfəri və bundan təxminən bir həftə sonra Putinin Pekinə getməsi onu göstərdi ki, artıq dünyanın əsas supergüclərinin diqqət mərkəzində dayanan əsas paytaxt məhz Pekindir. Hətta demək olar ki, qlobal güc balansının müzakirə olunduğu əsas platformalardan biri artıq bu ölkəyə çevrilib.
Daha əvvəl də qeyd etdiyim kimi, Ukrayna və İran ətrafında yaranan gərginliklərin də müəyyən mənada Pekində aparılan müzakirələrdən sonra yumşaldığını görmək mümkündür. Bu proseslər bir-biri ilə sıx bağlıdır. Yəni Ukrayna və İran ətrafında baş verən hadisələr ayrı-ayrı deyil, qarşılıqlı təsir edən geosiyasi zəncirin hissələridir.
Çin əvvəllər əsasən iqtisadi güc mərkəzi kimi qlobal liderlik uğrunda rəqabət aparırdısa, artıq siyasi, hərbi və digər strateji sahələrdə də bu yarışa qoşulub və bir sıra istiqamətlərdə ciddi irəliləyiş əldə edib. Son dövrlərdə beynəlxalq siyasətdə Çinin artan fəallığı onun ABŞ və Rusiya ilə paralel, bəzi sahələrdə isə daha çevik rəqabət apardığını göstərir. Bu da qlobal güc balansının tədricən Çin istiqamətinə doğru dəyişdiyini ortaya qoyur.
Çinin qlobal liderliyə gedib-getmədiyi məsələsi təbii ki, aktualdır və mənim fikrimcə, bu proses artıq həmin istiqamətdə irəliləyir. Bu da yeni dünya düzəninin formalaşması ilə bağlı ilkin siqnallar verir və yaxın perspektivdə bunun daha aydın şəkildə şahidi olacağıq.
Bununla belə, Çin ümumilikdə balanslı xarici siyasət xəttinə üstünlük verir. Son dövrlərdə İran ətrafında yaranmış gərginlik zamanı da bunun şahidi olduq. Çin açıq şəkildə tərəf tutmadı. Halbuki İranla yaxın münasibətlərinə görə onun daha qəti mövqe sərgiləyəcəyi gözlənilirdi. Eyni yanaşmanı Rusiya ilə bağlı da görürük.
Bu isə onu göstərir ki, Çin beynəlxalq siyasətdə daha çox ehtiyatlı və balanslaşdırılmış xətt – yəni nə ABŞ ilə münasibətləri kəskinləşdirmək, nə də Rusiya və İranla əlaqələri zədələmək siyasəti yürüdür”.
//Gülnarə Abasova, Editor.az


