Ermənistanda kritik parlament seçkiləri yaxınlaşdıqca rəqib düşərgələr arasında təbliğat müharibəsi daha amansız xarakter almaqdadır. Əgər bir yandan, baş nazir Nikol Paşinyanın ünvanına qarşı tərəfdən hədələr artırsa, hətta açıq terror təhdidi səslənirsə, Paşinyan da borclu qalmır və radikal müxalifətlə seçkilərdən sonra haqq hesab çəkəcəyini bəyan edir. Yəni partiyasının qələbəsinə əmindir. Səsvermə gününə isə 16 gün qalır.
Bu müddətdə qonşu ölkə qarışa bilərmi? Nikol Paşinyana sui-qəsd ediləcəyi barədə son günlər intensiv xəbərlər, ehtimallar irəli sürülür. Paşinyan nə dərəcədə etibarlı qorunur?

Təhlükəsizlik eksperti İlham İsmayıl Musavat.com-a bildirib ki, Ermənistandakı parlament seçkiləri kritik həddə daxil olur: “Zaman etibarilə Rusiyanın hansısa iqtisadi təzyiqi baş versə belə, onun cəmiyyətdə tezliklə effekt verəcəyi artıq çətin görünür. Sabah Rusiya qazın qiymətini qaldırsa belə, seçkiyə qədər istədiyi kütləvi narazılığı yarada bilməyəcək. Ona görə də daxildə daha çox hədə-qorxu, təxribatlardan istifadə eləyə bilərlər. Burada hədəf təkcə Paşinyan olmaya bilər. Müəyyən anlarda mübarizə aparan tərəfin özünə belə terror aktları həyata keçirilməsi mümkündür. Məsələn, kilsə nümayəndəsinə, hətta Qareginin özünə terror həyata keçirilsə, bunu Paşinyanın üzərinə yıxacaqlar. Hətta Samvel Karapetyana, Robert Köçəryana qarşı hər hansı bir sui-qəsd cəhdi olsa, bunu da Paşinyanın üzərinə atıb onun əleyhinə işlətməyə çalışa bilərlər”.
İ.İsmayıl ona görə də Paşinyana qarşı mübarizə aparan liderlərdən birinə sui-qəsdi də istisna etmir: “Bu da Paşinyanın əleyhinə işləyən hadisə olacaq. İndiki alda Ermənistanın müvafiq strukturları təhlükəsizlik ab-havasını qorumağa çalışırlar. Yəni təkcə Paşinyanın təhlükəsizliyini qorumaq yox, digər liderlərin də təhlükəsizliyi yəqin ki, diqqət mərkəzindədir”. İ.İsmayıl qeyd edib ki, Paşinyan təkcə özünün mühafizə-təhlükəsizlik xidməti tərəfindən deyil, eyni zamanda, Qərb xüsusi xidmət orqanları tərəfindən də qorunur: “İnformasiya, məlumat baxımından kifayət qədər dəstək verilir ki, bu da Paşinyanın təhlükəsizliyi üçün mühüm amildir”. Ekspert hesab edir ki, son günlər Paşinyanı öldürməklə bağlı hədələrin yayılmasında məqsəd qorxutmaq və ona qarşı olan cinahın tərəfdarlarını ruhlandırmaq məqsədidir. İ.İsmayıl qarşıdakı iki həftə ərzində daha ciddi təxribatlar və terror aktları gözləyir.


