Siqaret çəkmək, emal olunmuş ət məhsullarının, eləcə də çox duzlu və hisə verilmiş qidaların müntəzəm və həddindən artıq istehlakı mədə xərçəngi riskini artıra bilər.
Editor.az xəbər verir ki, bu barədə onkoloq-kimyaterapevt və terapevt Sergey Astafurov məlumat verib.
Mütəxəssisin sözlərinə görə, mədə xərçəngi ilkin mərhələlərdə uzun müddət demək olar ki, heç bir aşkar əlamət olmadan inkişaf edə bilər. Xəstəliyin ilk simptomları isə çox vaxt adi həzm problemlərinə bənzəyir. Yeməkdən sonra mədədə ağırlıq və ya narahatlıq, iştahanın azalması və ürəkbulanma belə əlamətlər sırasında yer alır. Bu səbəbdən insanlar bəzən yaranan narahatlıqlara uzun müddət ciddi əhəmiyyət vermirlər.
Astafurov bildirib ki, xəstəliyin inkişaf ehtimalını artıran əsas amillərdən biri mədənin selikli qişasında uzunmüddətli iltihabdır. Bunun səbəblərindən biri “Helicobacter pylori” bakteriyası ola bilər. Həkimin sözlərinə görə, bu bakteriya illərlə mədədə heç bir əlamət yaratmadan qala bilər. Lakin bakteriyanın daşıyıcısı olmaq avtomatik olaraq xərçəngin inkişaf edəcəyi anlamına gəlmir. Bununla belə, uzunmüddətli iltihab zaman keçdikcə mədənin selikli qişasında dəyişikliklərə səbəb olaraq xəstəlik riskini artıra bilər.
Onkoloq risk faktorları arasında siqareti də qeyd edib. Onun sözlərinə görə, siqaret daha çox ağciyər xərçəngi ilə əlaqələndirilsə də, tütün tüstüsünün tərkibindəki kanserogen maddələr orqanizmə sistemli şəkildə təsir göstərir və müxtəlif bədxassəli şişlərin, o cümlədən mədə xərçənginin yaranma ehtimalını yüksəldə bilər.
Həkim irsi faktorların da əhəmiyyətli olduğunu vurğulayıb. Xüsusilə valideynlər, bacı-qardaşlar kimi yaxın qohumlarında mədə xərçəngi aşkarlanan şəxslərin sağlamlıqlarına daha diqqətlə yanaşmaları tövsiyə olunur.
Astafurov qidalanma vərdişlərinin də xəstəliyin inkişafında rol oynaya biləcəyini bildirib. Onun sözlərinə görə, tərkibində natrium və kalium nitritləri istifadə olunan emal edilmiş ət məhsullarının həddindən artıq istehlakına diqqət yetirmək lazımdır. Müəyyən şəraitdə nitritlər orqanizmdə kanserogen xüsusiyyətlərə malik N-nitrozo birləşmələrinin yaranmasına səbəb ola bilər.
Mütəxəssis bununla belə, söhbətin konkret bir qidanın birbaşa xərçəngə səbəb olmasından getmədiyini qeyd edib. Risk daha çox uzunmüddətli qidalanma vərdişləri və bir neçə risk faktorunun birlikdə təsiri ilə əlaqələndirilir.
Həkim əvvəllər müşahidə olunmayan və davamlı xarakter daşıyan bəzi dəyişikliklərin diqqətdən kənarda qalmamasını tövsiyə edib. Qarının yuxarı hissəsində davamlı narahatlıq və ya ağrı, az miqdarda qida qəbul etdikdən sonra tez doyma, iştahanın nəzərəçarpacaq dərəcədə azalması, müntəzəm ürəkbulanma, səbəbsiz çəki itkisi və halsızlıq belə əlamətlər arasında göstərilir.
Bu simptomların mütləq onkoloji xəstəliyə işarə etmədiyi və müxtəlif digər sağlamlıq problemləri zamanı da yarana biləcəyi bildirilir. Lakin əlamətlər uzun müddət davam edərsə və ya güclənərsə, həkimə müraciəti təxirə salmamaq tövsiyə olunur.
//Gülnarə Abasova, Editor.az

