İsrail Baş naziri Binyamin Netanyahu ABŞ-a planlaşdırılan səfərini qısaldıb.
Editor.az xəbər verir ki, məlumata görə, Netanyahu BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış etmək üçün Nyu-Yorka səfər edəcək. Onun Nyu-Yorkda gecələməyəcəyi və çıxışından dərhal sonra İsrailə qayıdacağı bildirilir.
Səfər proqramındakı dəyişikliklər fonunda Netanyahunun ABŞ Prezidenti Donald Trampla görüşü də gündəlikdən çıxarılıb. ABŞ rəsmisinin sözlərinə görə, hazırda Trampla Netanyahu arasında BMT Baş Assambleyası çərçivəsində ikitərəfli görüş planlaşdırılmır.
Netanyahunun daha əvvəl ABŞ səfəri çərçivəsində Texasda bir sıra görüşlər keçirməsi və digər şəxslərlə, o cümlədən İlon Maskla görüşməsi nəzərdə tutulurdu. Lakin yeni proqrama əsasən bu planların da baş tutmayacağı bildirilir.
Netanyahunun Nyu-Yorka səfəri ABŞ-da onunla bağlı siyasi müzakirələrin fonunda baş verir. Nyu-York meri Zöhran Mamdani daha əvvəl Netanyahu barədə Beynəlxalq Cinayət Məhkəməsinin qərarına istinad edərək onun yerinin Haaqa olduğunu bildirmişdi. Bu açıqlama İsrail rəsmilərinin sərt reaksiyasına səbəb olub.
Netanyahunun BMT Baş Assambleyasındakı çıxışı zamanı İsrailin Qəzza müharibəsi, regional təhlükəsizlik və Yaxın Şərqdəki vəziyyətlə bağlı mövqeyini təqdim etməsi gözlənilir.
//Gülnarə Abasova, Editor.az

