Ermənistan yenə antitürk ittifaqlarındabackend

Ermənistan yenə antitürk ittifaqlarında

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Seçkilər ərəfəsində olan Paşinyan hakimiyyəti bir tərəfdən bölgədə sülhdən danışır, o biri tərəfdən isə xarici siyasət kursunda anti-Azərbaycan və anti-Türkiyə xəttini dəstəkləyir

Ötən həftə saxta soyqırımının 111 illiyinin qeyd edilməsi fonunda Ermənistanda anti-Azərbaycan və anti-Türkiyə mövqeyi özünü bir daha göstərdi. Belə ki, aprelin 22-də Kiprdə ikitərəfli (Ermənistan-Kipr) və üçtərəfli formatlarda (Ermənistan-Yunanıstan və Kipr) müdafiə məsləhətləşmələri keçirildi. “Xronika Kavkaza”nın xəbərində deyilirdi ki,  görüşlərdən sonra tərəflər illik hərbi əməkdaşlıq proqramlarını imzalayıblar. Nümayəndə heyətləri müdafiə islahatlarını və regional təhlükəsizliyi müzakirə ediblər və əməkdaşlığı daha da genişləndirmək barədə razılığa gəliblər.

Maraqlıdır ki, həmin ərəfədə İsrail də 2026-cı il üçün Yunanıstan və Kiprlə Türkiyəyə qarşı yönəlmiş birgə hərbi əməkdaşlıq proqramı imzalayıb. Sözügedən proqram Aralıq dənizində Türkiyəyə qarşı tədbirlərin əlaqələndirilməsi məqsədilə hazırlanıb. Məlumatlarda qeyd olunub ki, razılaşma üç tərəf arasında birgə hərbi təlimlərin keçirilməsini, xüsusi təyinatlı qüvvələrin hazırlanmasını, yüksək səviyyəli görüşlərin və hərbi məsləhətləşmələrin təşkilini nəzərdə tutur.

Türkiyənin xarici işlər naziri Hakan Fidan Yunanıstan və Kiprə xəbərdarlıq edərək bildirib ki, Türkiyəyə qarşı siyasət aparmaq etibar yaratmır, əksinə, gərginlik və problemlərə səbəb ola bilər. Fidan vurğulayıb ki, Yunanıstan NATO üzvüdür, Kipr isə Avropa İttifaqı dəstəyinə malikdir və İsraillə hərbi əməkdaşlığa ehtiyac yoxdur. Nazir deyib: “Bu ittifaq təkcə Türkiyə üçün deyil, həm də bölgədəki digər müsəlman ölkələri üçün narahatlıq doğurur və onlar bu barədə bizə məlumat verirlər”.

Aprelin 24-də Ermənistanda saxta soyqırımı ilə bağlı məşəl aksiyasında isə yenə də Azərbaycan və Türkiyə isterikası özünü göstərdi, bayraqlar nifrətin rəmzi olaraq yandırıldı.   “Rusiyalı oliqarx Samvel Karapetyan uzun illər Robert Köçəryan və “Daşnaksütyun”un (Azərbaycan və Türkiyəyə qarşı – red.) təbliğ etdiyi saxta tezisləri sözbəsöz təkrar edir”.

Teleqraf.az xəbər verir ki, bunu Ermənistan parlamentindəki hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının rəhbəri Hayk Koncoryan deyib.

Fraksiya rəhbəri Samvel Karapetyanın Robert Köçəryan kimi Ermənistan cəmiyyətini türklərə qarşı nifrətə təşviq etdiyini bildirib. “Kaluqalı oliqarx (Samvel Karapetyan) indi də “Sünikin itirilməsi” və “türkləşmə təhlükəsi” barədə danışır. O, uzun illər Robert Köçəryan və “daşnaklar”ın təkrarladığı eyni saxta tezisləri sözbəsöz təkrar edir. Samvel Karapetyan Robert Köçəryandan daha çox “Robert Köçəryan olmağa çalışır, onun əlindən sönməkdə olan siyasi bədbinliyin çırağını almağa çalışır”, – o vurğulayıb.

Hayk Koncoryan Samvel Karapetyanı “ideoloji cəhətdən iflas etmiş dollar milyarderi” adlandırıb və qeyd edib ki, bu, əsl dərslik nümunəsidir.

Göründüyü kimi, seçkilər ərəfəsində olan Ermənistan hakimiyyəti bir tərəfdən bölgədə sülhdən və Türkiyə ilə sərhədi açmaq niyyətindən danışır, o biri tərəfdən isə xarici siyasət kursunda anti-Azərbaycan və anti-Türkiyə xəttini dəstəkləyir. Kipr və Yunanıstanla keçirilən müdafiə məsləhətləşmələri və imzalanan hərbi əməkdaşlıq proqramları sadəcə texniki sənədlər deyil – bu, daha geniş geosiyasi xəttin tərkib hissəsidir. Aralıq dənizində Türkiyəyə qarşı formalaşan bloklaşma cəhdləri artıq açıq müstəviyə keçib və İrəvan bu prosesdə özünə yer tapmağa çalışır.

Bu yanaşma Ermənistanın ənənəvi təhlükəsizlik arxitekturasından uzaqlaşaraq yeni müttəfiqlər axtarışına çıxdığını göstərir. Lakin burada əsas sual yaranır: İrəvan həqiqətən öz təhlükəsizliyini möhkəmləndirir, yoxsa daha böyük qarşıdurmaların bir hissəsinə çevrilir? Son günlər antitürk isterikasının əsl səbəbi nədir?

Azər Həsrət istefa verir? | No Comment

Azər Həsrət

Siyasi şərhçi Azər Həsrət “Yeni Müsavat”a bildirdi ki, Ermənistan öz antitürk mövqeyindən qalmır, fürsət düşdükcə Azərbaycana və Türkiyəyə qarşı addımlar atır: “Bundan sonra da hər fürsətdə anti-Azərbaycan, anti-Türkiyə addımlarını atacaqlarını gözləyə bilərik. Amma ümumilikdə götürəndə onların addımları bizə heç nə edə bilməyəcək. Bu vaxta qədər belə işbirlikləri ediblər, nəyə nail olublar ki, bundan sonra da nəyəsə nail olsunlar. Onlar ancaq könül bulandırırlar. Bu da təsadüfi deyil. Çünki bir tərəfdə əlbəttə ki, revanşistlər seçkiqabağı mərhələdə Nikol Paşinyanı küncə sıxmağa çalışırlar. Bir tərəfdən isə Rusiya, Fransa, Yunanıstan kimi dövlətlər də öz əməllərindən qalmır. Ermənistan Azərbaycan kimi müstəqil, öz sözünü deyə biləcək bir dövlət deyil ki, qərarları özü versin və əməl etsin. Mütləq kənar qüvvələr Ermənistana bu və ya digər şəkildə diktə etmək üçün fürsətlər tapa bilirlər. O baxımdan Ermənistan məlum gedişləri edir. İrəvanda Azərbaycan və Türkiyə bayraqlarına edilən hörmətsizlik isə aşağılıq kompleksindən qaynaqlanan bir hərəkətdir. Ermənilər bu cür aşağı enməyi seçirlərsə, bu onların seçimidir. Ermənistanda bir isterika var. Bu isterikanın təsiri altında atdıqları addımlar onlara müsbət nə isə gətirməyəcək”.

Siyasi şərhçi deyib ki, Ermənistan onsuz da Türkiyəni özünə düşmən bilir. İndi isə Türkiyəyə qarşı olan xorda özünə yer alması sonda Ermənistanın özünə ziyan vuracaq: “Ermənistan və qoşulduğu xor Türkiyəyə qarşı ittifaq qururlarsa, Azərbaycanı gözardı etməməlidir. Azərbaycanın İsrailə münasibəti müsbətdir, amma bu o demək deyil ki, Türkiyənin maraq və mənafeləri olan məsələlərdə biz seyrçi qalacağıq, etiraz etməyəcəyik. Ona görə də Azərbaycan faktorunu unutmamalıdırlar. Yunanıstan da unutmamalıdır. Artıq onlar Azərbaycan qazı ilə isinirlər. Azərbaycan Yunanıstana qucaq açır, Afina bunu uyğun şəkildə dəyərləndirməlidir. Türkiyəyə qarşı atılan istənilən addım həm də Azərbaycana qarşı atılan addım kimi qəbul edilir”.

“Ermənistan əhalisinin əksəriyyəti sülh və əmin-amanlıq istəyir. Şübhəsiz ki, sülh istəyən tərəf indiki baş nazir Nikol Paşinyana səs verəcək. Paşinyana qarşı dayanan “Qarabağ” klanı isə həmişəki kimi nifrət və kin bəsləyir. Onlar hakimiyyəti ələ keçirmək üçün hər şeyə gedə bilərlər”.

Bunu da “Reytinq” qəzetinə açıqlamasında Demokratik İslahatlar Partiyasının (DİP) sədri, deputat Asim Mollazadə Ermənistanda artan antitürk əhvalından danışarkən deyib. Deputatın iddiasına görə, Rusiyaya bağlı qüvvələr Ermənistanda qeyri-siyasi yollarla hərəkət edərək terror və təxribatlar törədə bilərlər: “Onların siyasi təcrübəsində bu kimi hallar olub. Ancaq erməni əhalisinin əksəriyyəti sülh istəyir. Ümid edək ki, sülh tərəfdarları qalib gələcək”.

Mollazadə qeyd edib ki, Azərbaycan hər zaman bölgədə və qonşu ölkələrdə sabitliyin olmasında maraqlıdır: “Azərbaycan sülh gündəliyi ilə çıxış edir və Ermənistanda sülh istəyən mütləq əksəriyyətlə bu baxımdan həmfikirdir. Əlbəttə, terroru dəstəkləyən keçmiş klan var. Onlar Qarabağda böyük antiinsani və antibəşəri cinayətlər törədiblər. İndi isə bunu Ermənistanda etməyə cəhd göstərə bilərlər. Əslində onlar siyasi qüvvə deyil, hansısa ölkənin kəşfiyyat və casus şəbəkəsidir”.

Musavat.com