Dünyada yeni neft və qaz yataqlarının kəşfi son 40 ilin ən aşağı səviyyəsinə enib.
Editor.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə “Nikkei Asia” sənaye təşkilatlarının məlumatlarına əsasən məlumat yayıb.
Məlumata görə, 2025-ci ildə dünyada kommersiya baxımından əhəmiyyətli cəmi 19 neft və qaz yatağı aşkarlanıb. Bu göstərici 1980-ci ildən bəri qeydə alınan ən aşağı nəticədir.
Yeni kəşf edilmiş yataqlar üzrə gözlənilən hasilat həcmi də əhəmiyyətli dərəcədə azalıb. Bildirilir ki, hazırda bu yataqlardan gözlənilən hasilat 2013-cü ildə qeydə alınmış pik göstəricinin təxminən onda birini təşkil edir.
Global Energy Monitor-un məlumatlarına əsasən, yeni yataqların kəşfində müşahidə olunan geriləmənin əsas səbəblərindən biri enerji şirkətlərinin geoloji kəşfiyyata yatırdığı investisiyaların azalmasıdır. İnvestisiyaların aşağı düşməsi yeni ehtiyatların axtarışı və kəşfiyyat layihələrinin miqyasına da təsir göstərib.
Bu tendensiya fonunda mövcud neft-qaz ehtiyatlarının səmərəli istifadəsi və yeni yataqların işlənməsi enerji bazarının uzunmüddətli perspektivi baxımından daha böyük əhəmiyyət kəsb edir.
//Gülnarə Abasova, Editor.az

