TRIPP layihəsi 2027-ci ildə başlayır? – Politoloqdan mühüm açıqlamabackend

TRIPP layihəsi 2027-ci ildə başlayır? – Politoloqdan mühüm açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

TRIPP layihəsinin reallaşdırılması ilə bağlı Azərbaycan, Ermənistan və ABŞ arasında aparılan hazırlıq və danışıqlar fonunda layihənin 2027-ci ildən etibarən praktiki mərhələyə keçməsi məsələsi gündəmdə qalmaqda davam edir. Regional nəqliyyat və kommunikasiya xətlərinin inkişafı baxımından mühüm əhəmiyyət daşıyan layihənin reallaşmasına təsir göstərə biləcək siyasi və texniki amillərlə yanaşı, proses qarşısında yarana biləcək mümkün maneələr də diqqət mərkəzindədir.

Politoloq Fəqani Məhərrəmli Editor.az-a açıqlamasında bildirib ki, Azərbaycan-Ermənistan münaqişəsi bitdikdən və 8 avqust 2025-ci ildə Ağ Evdə ABŞ Prezidenti Donald Trampın iştirakı və vasitəçiliyi ilə sülh müqaviləsinin paraflanması Zəngəzur dəhlizi (TRIPP koridoru) layihəsinin həyata keçirilməsini daha da reallaşdırdı:

“Xüsusilə son günlər Bakı və İrəvan rəsmilərinin verdiyi açıqlamalar deməyə əsas verir ki, 2027-ci il bu istiqamətdə həlledici il olacaq. Belə ki, Ermənistan parlamentinin Xarici münasibətlər komissiyasının sədri Sərkis Xandanyan bildirib ki, TRIPP layihəsinin reallaşması üçün dəmir yolu, neft-qaz və elektrik xətlərinin keçəcəyi məntəqələrdə delimitasiya işlərinə başlamaq olar. Bundan əvvəl də Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov bildirmişdir ki, Ermənistanla şimal sərhədləri delimitasiya edildikdən sonra cənub sərhədlərində də eyni prosesi həyata keçirmək mümkündür. Hətta Ermənistan Baş naziri bir az da irəli gedərək ŞƏT-nin Bişkekdə keçirilən sammitində bəyan etdi ki, TRIPP layihəsinin icrasına yaxın aylarda başlanılacaqdır. Rəsmi açıqlamaları təhlil etdikdə belə bir nəticə hasil olur ki, Zəngəzur koridorunun açılması üçün iş 2027-ci ildə başlayacaq. Hal-hazırda Rusiya-Ukrayna savaşı səbəbindən Şərqlə Qərbi birləşdirən “Şimal marşrutu” və Yaxın Şərqdə, xüsusilə Fars körfəzində ABŞ-İran arasında davam edən münaqişə səbəbindən “Orta koridorun” əhəmiyyəti və həyatiliyi olduqca vacibdir. Sözsüz ki, belə əhəmiyyətli bir layihənin həyata keçməsini istəməyən qüvvələr də var və olacaq. Lakin modern dünyada davam edən münaqişələr, müharibələr fonunda Orta koridor və bu koridorun ən önəmli məntəqəsi olan Zəngəzur dəhlizinin açılması qaçınılmazdır”.

//Gülnarə Abasova, Editor.az