Alimlər stressi azaltmağın effektiv yolunu açıqladı: Təbiətdə sadəcə gəzmək kifayət deyilbackend

Alimlər stressi azaltmağın effektiv yolunu açıqladı: Təbiətdə sadəcə gəzmək kifayət deyil

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təbiətdə vaxt keçirməyin insanın psixoloji vəziyyətinə müsbət təsir etdiyi uzun müddətdir məlumdur. Lakin yeni araşdırma göstərib ki, burada əsas məsələ açıq havada nə qədər vaxt keçirməkdən çox, insanın ətraf mühitə necə diqqət yetirməsidir.

Editor.az xəbər verir ki, ABŞ-ın Oreqon Dövlət Universitetinin psixoloqları təbiətdə gəzintinin stress və narahatlığın azalmasına təsirini araşdırıblar. Frontiers in Psychology jurnalında dərc olunan pilot tədqiqatın nəticələrinə görə, təbiətdə şüurlu şəkildə diqqəti ətraf mühitə yönəltmək adi gəzinti ilə müqayisədə psixoloji vəziyyətin yaxşılaşmasına daha çox təsir göstərə bilər.

Araşdırmada 18-72 yaş arasında 35 yetkin könüllü iştirak edib. Tədqiqatçılar iştirakçıları təsadüfi qaydada iki qrupa bölüblər.

Birinci qrup iki həftə ərzində hər gün təbiətdə 15 dəqiqəlik xüsusi şüurlu diqqət məşqləri həyata keçirib. İkinci qrupun iştirakçıları isə hər hansı xüsusi təlimat olmadan sadəcə açıq havada gəziblər.

Nəticələr göstərib ki, ətraf mühitə şüurlu şəkildə diqqət yetirən iştirakçılarda psixoloji sağlamlığın yaxşılaşması və narahatlıq səviyyəsinin azalması daha nəzərəçarpan olub.

Maraqlı məqam isə odur ki, şüurlu diqqət məşqləri həyata keçirən qrup bu nəticələri digər qrupla müqayisədə açıq havada daha az vaxt keçirməsinə baxmayaraq əldə edib.

Tədqiqatçılar həmçinin müəyyən ediblər ki, strukturlaşdırılmış proqramdan ən çox ilkin psixoloji rifah səviyyəsi aşağı olan iştirakçılar faydalanıblar. Başlanğıcda özünü daha yaxşı hiss edən şəxslərdə isə bu təsir daha zəif müşahidə olunub.

Araşdırmanın aparıcı müəllifi, doktor Sabina Humer bildirib ki, nəticələr insanın təbiətlə qarşılıqlı əlaqəsinin keyfiyyətinin açıq havada keçirilən vaxtın müddətindən daha əhəmiyyətli ola biləcəyini göstərir. Onun sözlərinə görə, qısa, lakin müntəzəm şüurlu diqqət məşqləri gündəlik həyatın yaratdığı stressin nəticələrinin öhdəsindən gəlməyə kömək edə bilər.

Alimlərin fikrincə, təbiətlə təmas psixoloji sağlamlığın qorunmasına və depressiya riskinin azalmasına müsbət təsir göstərə bilər. Əvvəlki araşdırmalarda əsas diqqət insanın açıq havada keçirdiyi vaxtın müddətinə yönəldilsə də, yeni tədqiqat təbiətlə emosional əlaqənin qurulmasında şüurlu və məqsədyönlü diqqətin də mühüm rol oynadığını göstərir.

Tədqiqatın nəticələrinin xüsusilə böyük şəhərlərdə yaşayan və uzun müddət parkda və ya meşədə gəzməyə vaxt tapa bilməyən insanlar üçün əhəmiyyətli ola biləcəyi bildirilir. Alimlər hesab edirlər ki, əldə olunan nəticələr gələcəkdə daha əlçatan psixoloji dəstək və terapiya üsullarının hazırlanmasına kömək edə bilər.

//Gülnarə Abasova, Editor.az