Orqanizmdə dəmir çatışmazlığı yalnız qanazlığı ilə deyil, dad qavrayışında dəyişikliklərlə də özünü göstərə bilər. Bəzi insanlarda, xüsusilə hamiləlik dövründə, təbaşir və buz kimi yeyilməyən maddələri yeməyə və ya çeynəməyə qarşı güclü istək yarana bilər.
Editor.az xəbər verir ki, Birinci Moskva Dövlət Tibb Universitetinin normal fiziologiya kafedrasının müdiri, tibb elmləri doktoru Aleksey Umryuxin bu vəziyyətin bəzi hallarda məhz dəmir çatışmazlığı ilə əlaqəli olduğunu bildirib.
Mütəxəssisin sözlərinə görə, orqanizmdə dəmirin azalması dildə dad reseptorlarının yerləşdiyi strukturlara təsir göstərə və dadın qəbulunda dəyişikliklərə səbəb ola bilər. Nəticədə insan üçün əvvəllər cəlbedici olmayan, hətta qida kimi istifadə edilməyən bəzi maddələrə qarşı qeyri-adi istək yarana bilər.
Həkim xüsusilə hamiləlik dövründə dəmir çatışmazlığı riskinin artdığını qeyd edib. Bu mərhələdə dölün inkişafı və qan yaranması prosesləri orqanizmin dəmirə olan tələbatını artırır. Ehtiyac lazımi səviyyədə qarşılanmadıqda isə dəmir çatışmazlığı və bununla əlaqəli dad dəyişiklikləri yarana bilər.
Mütəxəssis təbaşir yemək istəyinin avtomatik olaraq kalsium çatışmazlığı anlamına gəlmədiyini də vurğulayıb. Onun sözlərinə görə, belə hallarda hansı maddənin çatışmadığını müəyyənləşdirmək və yalnız bundan sonra müvafiq tədbir görmək lazımdır.
Dad və qoxu qavrayışındakı dəyişikliklər bəzi hallarda koronavirus infeksiyasından sonra da müşahidə oluna bilər. Mütəxəssis bildirib ki, xəstəlikdən sonra bəzi insanlar əvvəllər normal qəbul etdikləri məhsulların, o cümlədən yumurta və ətin qoxusunu xoşagəlməz və hətta çürümüş kimi hiss edə bilirlər.
//Gülnarə Abasova, Editor.az

