Rusiya-Ukrayna müharibəsinin uzanması fonunda Rusiyanın iqtisadi və sosial vəziyyəti ilə bağlı müzakirələr getdikcə daha da aktuallaşır. Moskvanın üzləşdiyi hərbi, iqtisadi və enerji təzyiqlərinin dərinləşməsi yalnız Rusiya daxilindəki proseslərə deyil, Cənubi Qafqaz da daxil olmaqla regionun təhlükəsizlik və geosiyasi mühitinə də təsir göstərə bilər. Azərbaycan üçün isə bu proseslərin mümkün nəticələri xüsusilə qonşu regionlarda sabitlik, nəqliyyat-kommunikasiya xətləri və enerji təhlükəsizliyi baxımından əhəmiyyət daşıyır. Bu baxımdan Rusiyanın mövcud vəziyyətdən hansı nəticələri çıxaracağı və qarşıdakı mərhələdə hansı siyasi kursu seçəcəyi diqqətlə izlənilən məsələlərdəndir.
Siyasi analitik Aydın Quliyev Editor.az-a açıqlamasında bildirib ki, Rusiyanın Ukraynadakı neftayırma zavodlarına zərbələr endirməsi taktikasının nəticələri həqiqətən də çox dağıdıcı olmağa başlayır:
“Çünki bu, həm Rusiyanın daxilində çox böyük infrastruktur şəbəkəsinin dağılması deməkdir, həm də Rusiyanın büdcəsini formalaşdıran böyük maliyyə mənbələrindən birinin böhran keçirməsi deməkdir. Üstəlik, onu da deyək ki, bu neftayırma zavodlarının Ukraynanın dronları tərəfindən vurulması Avropanın Rusiyaya qarşı gücləndirdiyi sanksiyalarla demək olar ki, eyni vaxta təsadüf edir.
Beləliklə, bir tərəfdən Avropanın Rusiyaya qarşı sanksiyaları, digər tərəfdən isə Ukraynanın neftayırma zavodlarına və Rusiyanın daha dərin nöqtələrinə endirdiyi dron zərbələri Rusiyanın iqtisadiyyatını əməlli-başlı çöküş vəziyyətinə gətirib çıxarıb.
Düzdür, Rusiyada rəsmi dairələr ölkənin iqtisadi mexanizminin hətta müharibədən əvvəlki səviyyəyə qayıtdığı ilə bağlı inanılmaz fikirlər səsləndirirlər. Az qalırlar desinlər ki, biz müharibədən əvvəlkindən daha rəvan və sistemli bir iqtisadi mexanizm qura bilmişik”.
Politoloqun sözlərinə görə, bütün bunlar gerçəkliyə, həqiqətə uyğun deyil:
“Əgər bunlar gerçəkliyə uyğun olsaydı, onda cəmi 4 ilin içərisində Rusiya hazır xam neftlə yanaşı, hazır emal olunmuş benzini də satan bir ölkədən bu gün benzini ölkənin daxilində kanistrlərlə bölüşdürən və hətta Hindistandan benzin idxal edən ölkəyə çevrilməzdi. Ona görə də Rusiya iqtisadiyyatının çox dərin bir deqradasiya içində olduğunu unutmaq olmaz. Bu, gerçəklikdir. Rusiyanın həm Ukraynada apardığı müharibənin vurduğu böyük maliyyə ziyanları ilə əlaqədardır, həm Rusiyanın məruz qaldığı iqtisadi sanksiyalara görədir, həm də Ukraynanın artıq dron zərbələri ilə neftayırma zavodları şəbəkəsinə sarsıdıcı zərbələr endirməsi ilə bağlıdır.
Bütün hallarda bunlar Rusiyada təbii şəkildə əhalinin narazılığını doğurmalıdır və bu narazılıqla bağlı birinci növbədə Rusiyanın hakimiyyət dairələri nəticə çıxarmalıdırlar. Amma biz görürük ki, Rusiyada hakim elita nəinki bundan nəticə çıxarmır, əksinə, hakim elita ölkə daxilində hakimiyyətin mövqelərinin gücləndirilməsinə yönəldilmiş repressiv addımların tempini getdikcə artırır.
Bu, çıxış yolu deyil. Çıxış yolu müharibənin tezliklə başa çatdırılması üçün Ukraynanın işğalından əl çəkmək, Ukraynanın işğal olunmuş torpaqlarını geri qaytarmaq, qonşuluqdakı bütün ölkələrin ərazi bütövlüyünə və suverenliyinə hörmət üzərində qurulmuş müasir Rusiya dövlətçiliyi və dövlət quruculuğu prosesinə qayıtmaqdır. Rusiyanın çıxış yolu budur”.
// Gülnarə Abasova, Editor.az

