Sosial şəbəkələrdə nümayiş etdirilən həyat tərzi, uğur və ideal görünüşlər xüsusilə gənclər və yeniyetmələr arasında özünü başqaları ilə müqayisə etmə meylini gücləndirir. Virtual məkanda yaradılan “mükəmməl həyat” görüntüsü real həyatın çətinliklərini və uğura gedən yolu kölgədə qoyduqda, insanlarda öz həyatlarından narazılıq və geridə qalmaq hissi yarana bilər. Azərbaycanda da sosial şəbəkələrin bu istiqamətdə təsiri son illərdə daha çox müzakirə olunur. Bəs bu təsir gənclərin həyata baxışına və uğur anlayışına necə yansıyır?
Psixoloq Elmir Əkbər Editor.az-a açıqlamasında bildirib ki, xüsusilə gənclərin və yeniyetmələrin həyat haqqında təsəvvürləri, eləcə də həyatdan gözləntiləri müşahidələrin nəticəsində formalaşır.
“Bugünkü gündə müşahidənin əsas mənbəyi sosial şəbəkələrdir. Gəlin baxaq görək, sosial şəbəkələr üzərindən konfet kağızı kimi rəngarəng görünən həyat nə dərəcədə reallığa uyğundur?
Bilirsiniz, mənim elmi işimin mövzusu gənclər və yeniyetmələrlə bağlıdır. Təəssüf ki, dəfələrlə şahid oluram ki, uşaqlardan soruşanda “Böyüyəndə kim olmaq istəyirsən?”, hətta balaca uşaqlar belə deyirlər ki, “İnfluencer olacağam, nə bilim, blogger olacağam, TikTok, Instagram, Facebook işlədəcəm, milyon qazanacam”. Çünki orada təbliğ olunan həyat həmin o dırnaqarası bloggerlərin həyatıdır. Guya asan üsulla böyük nəticələr əldə etmək mümkündür.
Söz yox, mən düşünürəm ki, bütün dünyada, elə Azərbaycanda da çox istedadlı, bacarıqlı, qabiliyyətli bloggerlər var. Onlar olmalıdır, onların da öz missiyası var. Amma hər bir insan bilməlidir ki, həyatda xoşbəxtlik və uğur mütləq şəkildə zəhmət və istedaddan düzgün istifadə nəticəsində əldə oluna bilər.
Sosial şəbəkələrdə də, digər kütləvi informasiya vasitələrində də məhz bu təbliğ olunmalıdır ki, insan nələrəsə nail olmalıdır. Yəni heç bir zəhmət çəkmədən, qısa müddətdə nəsə əldə etmək heç vaxt doğru üsulla baş vermir.
İndi biz görürük ki, məsələn, elə sosial şəbəkələrdə belə bəzi dırnaqarası uğur qazananlar özlərini biabır edirlər. Abırsız, ismətsiz, həyadan, namusdan uzaq davranışlarla — yəqin, görmüsünüz də o rəqsləri, o iyrənc sözləri — özlərini, ailələrini, yaxınlarını nə günlərə salırlar ki, təki diqqət cəlb edə bilsinlər.
Bu, təbii ki, çox neqativ bir məqamdır, çox neqativ bir nümunədir. Və təbii ki, sosial şəbəkələrin, təəssüf ki, xüsusilə də Azərbaycanda çox ciddi neqativ təsiri də var. Baxmayaraq ki, ümumilikdə onlar bütün dünyada müsbət bir alət kimi istifadə olunmaq üçün yaranıblar.
Məsələn, hətta mənim elmi işimin mövzusunun içərisində sırf sosial şəbəkələrin insanları, hətta gəncləri və yeniyetmələri intihara qədər aparıb çıxara biləcək təsirini araşdıran bir başlıq var. Biz bunu araşdırmışıq və görmüşük.
Ona görə də mən düşünürəm ki, ölkəmiz, dövlətimiz çox ciddi nəzarəti məhz bunun üzərində qurmalıdır ki, sosial şəbəkələr üzərindən sağlam inkişaf, elm, təhsil və zəhmət təbliğ olunsun. Yəni asan həyat və heç bir zəhmət çəkmədən asanlıqla nələrsə əldə etmək sosial şəbəkələrdə təbliğ olunmasın.
Çünki bu, çox pis, çox neqativ nəticələrə gətirib çıxarır və təəssüf ki, müşahidələrim onu göstərir ki, getdikcə bu neqativlik artacaq, azalmayacaq”.
//Gülnarə Abasova, Editor.az

