Ermənistanın paytaxtı İrəvanın Fransa meydanında keçmiş separatçı və mifik “artsax” rejiminin əski parçası yenidən ucaldılıb.
Musavat.com “Hraparak”a istinadla məlumat verir ki, məhv edilmiş xunta rejiminə aid “bayraq” təzədən Fransa meydanında ucaldılmaqla Azərbaycana qarşı növbəti təxribata yol verilib. Həmin əski parçasının məhz Fransanın adını daşıyan meydanda ucaldılmasının isə birbaşa siyasi rəmzi var. Çünki Makron Fransası 2020-cildən bəri anti-Azərbaycan mövqeyindən çıxış edir. Lakin 2022-ci ildə Praqada imzaladığı sənədlə Ermənistan hökumətinin başçısı Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. 2025-ci ildə isə Vaşinqtonda sülh mətni paraflanmaqla bu məsələyə möhür vurulub. Paşinyan dəfələrlə bəyan edib ki, real Ermənistan 28.900 kvadrat kilometrdən ibarətdir. Eyni zamanda, çıxışlarında bəyan edib ki, Qarabağ Azərbaycanın suveren ərazisidir və Ermənistanda “Qarabağ hərəkatı”na imkan verməyəcək. Elə son açıqlamalarında da Azərbaycanla münaqişənin keçmişdə qaldığını bildirib.
Bununla belə, hələ də Ermənistanda Azərbaycana qarşı ərazi iddialarına son qoyulmayıb. Fransa meydanında əski parçasının yenidən dalğalanması məhz bunun nümunəsidir. Qarabağda keçirilmiş antiterror əməliyyatından sonra “artsax” adlı oyuncaq rejim özünü buraxıb, separatçıların rəhbərləri həbs olunub, qalanları qaçıb, erməni hərbi birləşmələri isə tərki-silah olunub. Ancaq Paşinyan hökuməti İrəvanın mərkəzi meydanlarından birində Azərbaycanla sülh prosesinə xələl gətirən bu təxribata şərait yaradıb. Halbuki Ermənistanda separatizmin bütün simvolları qadağan olunmalıdır. Ən əsası isə bu sayaq provokativ hərəkətlər bir daha təsdiqləyir ki, konstitusiya mətni dəyişməli və Qarabağın Ermənistana birləşdirilməsi ideyası oradan çıxarılmalıdır.
Əks halda, yekun sülh sazişi olmayacaq və erməni separatçılar, daşnakçılar, revanşist qüvvələr “artsax” kimi çürük və dəfn olunmuş ideyanın ətrafında birləşib vaxtaşırı belə təxribat xarakterli hərəkətlərə əl atacaqlar. Ermənistan hökuməti Fransa meydanından keçmiş kukla qurumun əski parçasını təcili surətdə yığışdırmalıdır.
Xatırladaq ki, “artsax” bayraqlarını parlamentin müxalifətdən olan üzvləri də iclaslarda öz masalarına qoyurlar. Həmçinin, müxtəlif tədbirlər və yığıncaqlarda belə təxribatlara yol verilir. Görünür ki, ermənilərin zəhərlənmiş beyinlərinin sağalması uzun çəkəcək…


