Bu şəkil Rusiyada çəkilib. Zatən, bu, fotoda görünən yazılardan da bəllidir.
Göründüyü kimi, şəkil Rusiyadakı yanacaqdoldurma məntəqələrində yer alan xəbərdarlıqların ümumi mənzərəsini əks etdirir.
Bir neçə ay öncə dünya ölkələrinə neft, benzin, dizel yanacağı satan Rusiya bu gün o vəziyyətə qalıb ki, özündə yanacaq çatışmazlığı yaşayır.
Buna səbəb Ukrayna dronlarının Rusiyanın əksər bölgələrində (Sankt-Peterburqdan Ural dağlarının o üzünə qədər) yerləşən neftayırma zavodlarını bombardman və məhv etməsi, onların istehsalı dayandırmasıdır.
Ukrayna tərəfi Rusiyanın yanacaq-energetika sektorunu iflic etməklə müharibəni yeni bir mərhələyə keçirib və son 4 il 4 ayda bu, Kiyevin ən uğurlu de-marşıdır.
İndi Rusiya yanacaq çatışmazlığının aradan qaldırmaq üçün Qazaxıstan və Hindistandan benzin idxal etməyə çalışır.
Moskva Qazaxıstandan 50 min ton A-92 markalı benzin alacağına ümid edir.
Neft ölkəsi olmayan Hindistan isə özü Rusiyadan neft alır (ABŞ-nin icazəsi ilə). Yeni sazişə görə, Rusiyadan Hindistana göndərilən neft emal olunaraq benzinə çevriləcək və yenidən Rusiyaya qaytarılacaq.
Kimin ağlına gələrdi ki, 2022-ci ilin fevralında entuziazmı və ambisiyası Avrasiya materikini lərzəyə gətirən Rusiya bu günlərə qalacaq, əhaliyə “benzin yoxdur, avtomobilə minməyin, metroya enin” çağırışları edəilcək.
Bəli, Rusiya 21-ci əsrin bu vədəsində özündən qat-qat kiçik ölkə ilə apardığı müharibədə yanacaq qıtlığı çəkir, böhran yaşayır. İndi görün, 85 il öncə Bakı və onun nefti sovet dövlətinin Hitler Almaniyasının qarşısında duruş gətirməsi üçün nə boyda xidmət göstərib. Qısa desək, Bakının qara nefti o vaxt Moskvanın üzünü ağardıb.
Musavat.com

