Ağciyərlərində düyünlü törəmələr aşkarlanan insanların 71,34 faizinin heç vaxt siqaret çəkmədiyi müəyyənləşib.
Editor.az xarici mediaya istinadən xəbər verir ki, bu nəticə Çində 16 əyalətdə yerləşən 23 xəstəxanada müalicə olunan 10 mindən çox pasiyentin məlumatlarının təhlili nəticəsində əldə edilib.
Araşdırma iştirakçıları ağciyərlərində düyünlərin təsadüfi aşkarlanmasından sonra iki-üç il ərzində müşahidə altında saxlanılıb. Tədqiqata cəlb olunanların 56,56 faizini qadınlar təşkil edib. Qadınların 97,1 faizinin heç vaxt siqaret çəkmədiyi müəyyənləşib. Kişilər arasında isə ömrü boyu siqaret çəkməyənlərin payı 37,8 faiz olub.
Alimlər bildiriblər ki, ağciyərdə düyünün aşkarlanması avtomatik olaraq xərçəng diaqnozu anlamına gəlmir. Belə düyünlər adətən kompüter tomoqrafiyası zamanı aşkar edilir və onların yaranmasına iltihab, infeksiya və digər xoşxassəli dəyişikliklər səbəb ola bilər. Bununla yanaşı, bəzi hallarda ağciyər düyünləri bədxassəli şişin əlaməti ola bildiyindən, onların tibbi nəzarətdə saxlanılması və zərurət yarandıqda əlavə müayinələrin aparılması tələb olunur.
Tədqiqat zamanı araşdırılan qrupda qeydə alınan ağciyər xərçəngi hallarının 73,2 faizinin ənənəvi olaraq yüksək risk qrupuna daxil edilməyən şəxslərdə müşahidə olunduğu bildirilib. Bu qrupa əsasən uzun müddət və əhəmiyyətli miqdarda siqaret çəkmiş şəxslər aid edilir.
Araşdırma iştirakçılarının təxminən 71,1 faizi passiv siqaret tüstüsünün təsirinə məruz qaldığını bildirib. Alimlər ağciyərlərdə düyünlərin yaranmasına təsir göstərə biləcək digər amillər sırasında yemək hazırlanarkən meydana çıxan yanma məhsullarının təsirini, ətraf mühit faktorlarını, həmçinin ağciyərdəki düyünlərin sayı və strukturunu da nəzərdən keçirirlər.
Tədqiqatın müəllifləri xüsusilə siqaret çəkməyən insanlar, o cümlədən qadınlar arasında ağciyər xəstəliklərinin risk faktorlarının daha ətraflı araşdırılmasının vacibliyini vurğulayıblar.
Bununla belə, alimlər qeyd edirlər ki, əldə olunan nəticələr bütün siqaret çəkməyən şəxslərin ağciyər xərçəngi üzrə skrininqdən keçməli olduğu anlamına gəlmir. Kompüter tomoqrafiyasının aparılması ilə bağlı qərar yaş, fərdi risk faktorları və mövcud tibbi tövsiyələr nəzərə alınmaqla qəbul edilməlidir.
//Gülnarə Abasova, Editor.az

