Rusiya–Ukrayna müharibəsində hərbi qarşıdurmanın yenidən intensivləşməsi diplomatik səylərin perspektivləri ilə bağlı sualları aktuallaşdırır. Xüsusilə ABŞ və Ukrayna liderlərinin təmasları müharibənin dayandırılması istiqamətində mümkün diplomatik mexanizmlərin müzakirəsi baxımından diqqət çəkir. Bu proses Cənubi Qafqaz dövlətləri, o cümlədən Azərbaycan üçün də regional təhlükəsizlik, enerji və nəqliyyat kommunikasiyalarının sabitliyi baxımından əhəmiyyət daşıyır. Azərbaycanın əsas marağı regionda geosiyasi gərginliyin genişlənməsinin qarşısının alınması, beynəlxalq hüququn prinsiplərinə hörmətin təmin olunması və uzunmüddətli regional sabitliyə şərait yaradan siyasi dialoqun təşviq edilməsidir.
Siyasi analitik Məhəmməd Əsədullazadə Editor.az-a açıqlamasında bildirib ki, Rusiya–Ukrayna müharibəsi daha dağıdıcı mərhələyə keçib:
“Ukraynanın da Rusiyaya qarşı ağır zərbələri, dronlarla Moskvanı son günlərdə vurması, təbii ki, Moskvanın Kiyevə qarşı ballistik raketlərlə zərbəsinə cavabdır və bu, danışıqlar prosesinin fiaskosudur.
Həmçinin, Uitkoff və Kuşnerin Moskva və Kiyev səfərləri zamanı da hər hansı müsbət irəliləyiş əldə olunmadı. Donald Tramp çox çalışdı ki, Vladimir Putin danışıqlar prosesi çərçivəsində güzəştə getsin və atəşkəs əldə olunsun. Amma göründüyü kimi, tərəflər arasında, eləcə də ABŞ və Rusiya arasında bu məsələdə fikir ayrılıqları var və bir kompromis mühiti tapılmır.
Hesab edirəm ki, ABŞ və Rusiya arasında təmaslar davam edəcək. Amma Ukrayna Prezidenti ilə Tramp arasında keçiriləcək görüşdə də düşünmürəm ki, müharibənin başa çatması ilə bağlı hər hansı müsbət irəliləyiş olsun. Çünki proses Rusiyadan asılıdır. Bununla yanaşı, Ukraynaya hərbi-logistik dəstəyin verilməsi, siyasi dəstəyin göstərilməsi və Rusiyaya ağır sanksiyaların tətbiq olunması, təbii ki, müzakirə ediləcək. Bundan sonra da Ukraynaya dəstək məsələsi müzakirə olunacaq. Amma bu görüş müsbətdir; Rusiya–Ukrayna müharibəsi fonunda Ukraynaya dəstək Ukraynanın Rusiyaya qarşı müqavimətinin artırılmasına da xidmət edir”.
//Gülnarə Abasova, Editor.az

