Ortoped-travmatoloq Mixail İqnatov ayaqlarda şişkinliyin ən çox rast gəlinən səbəbinin hərəkətsiz həyat tərzi və venoz qan dövranının pozulması olduğunu bildirib.
Editor.az bu barədə xarici mediaya istinadla yazıb.
Rusiyanın ORTEKA ortopedik salonlar şəbəkəsinin mütəxəssisi Mixail İqnatovun sözlərinə görə, uzun müddət oturaq və ya ayaqüstə işləmək ayaqlarda qan durğunluğuna səbəb olur və nəticədə şişkinlik yaranır.
Həkim izah edib ki, ayaqlardakı venalarla qan yerin cazibə qüvvəsinə qarşı aşağıdan yuxarı istiqamətdə hərəkət edir. Bu prosesdə baldır əzələləri mühüm rol oynayır. İnsan yeridikdə əzələlər yığılır və qanı ürəyə doğru hərəkət etdirməyə kömək edir. Lakin uzun müddət hərəkətsiz qalmaq bu “əzələ nasosu”nun fəaliyyətini zəiflədir, nəticədə qan damarlarında durğunluq yaranır və ayaqlar şişir.
İqnatovun sözlərinə görə, bu problem xüsusilə ofis işçiləri, satıcılar, həkimlər, bərbərlər və uzun müddət ayaqüstə çalışan digər peşə sahibləri arasında geniş yayılıb. Daim eyni vəziyyətdə qalmaq venoz qan axınına mənfi təsir göstərir.
Mütəxəssis qeyd edib ki, müasir həyat tərzi də risk faktorlarından biridir. İşə avtomobillə getmək, gün ərzində kompüter qarşısında uzun saatlar keçirmək, fiziki aktivliyin azalması və hətta yemək və alış-veriş xidmətlərinin evə çatdırılması insanların daha az hərəkət etməsinə səbəb olur. Bu isə həm ayaqlarda şişkinlik riskini artırır, həm də ümumi sağlamlığa mənfi təsir göstərir.
Həkim narahat ayaqqabıların da problemi dərinləşdirə biləcəyini vurğulayıb. Onun sözlərinə görə, hündür dabanlı ayaqqabılar baldır əzələlərinə əlavə yük yaradır, dar ayaqqabılar isə ayaqlara təzyiq göstərərək qan dövranını pozur.
Şişkinliyin qarşısını almaq üçün İqnatov iş günü ərzində mütəmadi fasilələr verməyi, daha çox yeriməyi və imkan daxilində liftdən istifadə əvəzinə pilləkənlərə üstünlük verməyi tövsiyə edib. Nahar fasiləsində qısa gəzintilər etmək də faydalı hesab olunur.
Mütəxəssis geniş burun hissəsinə malik, rahat və alçaq dabanlı ayaqqabıların seçilməsini məsləhət görüb. O bildirib ki, ortopedik ayaqqabılar ayağın təbii vəziyyətini qorumağa və yükün düzgün paylanmasına kömək edir.
Bundan əlavə, kompressiya corablarının istifadəsi venoz qan dövranını yaxşılaşdırır, ayaqlardakı ağırlıq və yorğunluq hissini azaldır. Bu vasitələr xüsusilə uzun müddət oturaq və ya ayaqüstə işləyən insanlar, hamilə qadınlar və uzun səfərlərə çıxanlar üçün tövsiyə olunur.
Həkim sonda vurğulayıb ki, ayaqlarda şişkinlik mütəmadi xarakter alarsa, bu hal diqqətdən kənarda qalmamalıdır. Çünki həmin simptom yalnız venoz problemlərlə deyil, həmçinin ürək çatışmazlığı, böyrək xəstəlikləri və ya limfa sisteminin pozğunluqları ilə də əlaqəli ola bilər. Buna görə də belə hallarda mütləq həkim müayinəsindən keçmək tövsiyə olunur.
//Gülnarə Abasova, Editor.az


