Meymunçiçəyi virusunun yayılma xüsusiyyətləri son illərdə dəyişib.
Editor.az xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiyanın “Vektor” Virusologiya Mərkəzinin direktor müavini Sergey Şelkunov bildirib.
Onun sözlərinə görə, virusun ötürülməsi əvvəllər əsasən müəyyən qruplar arasında müşahidə olunsa da, hazırda heteroseksual əlaqələr vasitəsilə də yayılma halları artır.
Şelkunov bu prosesin müəyyən xüsusiyyətlərinə görə HİV infeksiyasının yayılma dinamikasını xatırlatdığını deyib.
Mütəxəssis bildirib ki, 2024-cü ildən etibarən Mərkəzi Afrikada virusun daha ağır infeksiyaya və daha çox ölüm hallarına səbəb olan variantının yayılması güclənib.
Onun sözlərinə görə, meymunçiçəyi uzun müddət Mərkəzi və Qərbi Afrikanın tropik meşəlik ərazilərində endemik xəstəlik olaraq qalıb. Lakin 2022-ci ildə virusun geniş yayılması nəticəsində xəstəlik dünyanın müxtəlif ölkələrində qeydə alınmağa başlayıb.
Məqalədə qeyd olunur ki, indiyədək meymunçiçəyi virusuna yoluxma halları 144 ölkədə təsdiqlənib və təxminən 200 min yoluxma hadisəsi araşdırılıb.
//Gülnarə Abasova, Editor.az

