Uşaq yemək yeyərkən və ya oyun zamanı qəfil boğulmağa başlayarsa, valideynlərin ilk anda düzgün qərar verməsi həyati əhəmiyyət daşıyır. Tənəffüs yollarının yad cisimlə tam tutulması bir neçə dəqiqə ərzində ciddi təhlükə yarada bilər. Bu səbəbdən böyüklərin belə vəziyyətdə hansı addımları atmalı olduğunu bilməsi vacibdir.
Editor.az xəbər verir ki, anestezioloq-reanimatoloq Boris Şaqayev bildirib ki, uşağın boğulması zamanı göstərilən ilk yardım onun yaşından asılı olaraq fərqlənir. Bir yaşadək körpələrə tətbiq olunan üsullar bir yaşdan böyük uşaqlar üçün istifadə edilən yardım tədbirlərindən fərqlidir.
Mütəxəssisin sözlərinə görə, uşaq öskürə bilir, ağlayır və ya danışırsa, həmçinin nəfəs alması davam edirsə, müdaxilə etməyə tələsmək lazım deyil. Belə hallarda öskürək tənəffüs yollarına düşmüş yad cismin xaric edilməsinin ən effektiv yollarından biri hesab olunur və uşağın öskürməsinə imkan vermək lazımdır.
Lakin uşaq nəfəs ala, danışa və ya ağlaya bilmirsə, səs çıxarmırsa, öskürəyi zəif və ya təsirsizdirsə, yaxud dərisinin rəngi göyərməyə başlayırsa, vəziyyət daha ciddi qiymətləndirilir. Bu halda dərhal təcili tibbi yardım çağırılmalı və yardım gələnədək ilk yardım tədbirlərinə başlanılmalıdır.
Bir yaşdan böyük uşaqlarda yad cismin çıxarılması üçün kürəklə döş qəfəsi arasında, çiyin sümüklərinin arasına zərbələr endirilə və daha sonra qarın nahiyəsinə təkanlardan istifadə oluna bilər. Uşaq huşunu itirərsə, onu sərt səthə uzatmaq və ürək-ağciyər reanimasiyasına başlamaq lazımdır.
Bir yaşadək körpələrdə isə qarın nahiyəsinə təkanlardan, yəni Heimlich manevrindən istifadə etmək olmaz. Körpə üzüaşağı vəziyyətdə böyüyün qolunun və ya budunun üzərinə yerləşdirilməli, başı və boynu dəstəklənməlidir. Daha sonra kürəklərin arasına zərbələr endirilir. Nəticə olmadıqda körpə arxası üstə çevrilir və döş qəfəsinə təkanlar tətbiq olunur. Bu tədbirlər körpə nəfəs almağa başlayana və ya tibbi yardım gələnədək növbəli şəkildə davam etdirilir.
Həkim valideynlərin yol verdiyi ən ciddi səhvlərdən birinin boğazda ilişən əşyanı görmədən barmaqla çıxarmağa çalışmaq olduğunu vurğulayıb. Belə müdaxilə yad cismin daha dərinə keçməsinə səbəb ola bilər. Buna görə ağız boşluğuna yalnız əşya aydın şəkildə göründükdə və asanlıqla götürülə bildikdə müdaxilə etmək məsləhətdir.
Boğazda ilişən əşyanı aşağı itələmək məqsədilə uşağa su, çörək və ya digər qida vermək də düzgün deyil. Həmçinin uşağı silkələmək, başıaşağı çevirmək və qusdurmağa çalışmaq tövsiyə edilmir.
Uşaq huşunu itirdiyi halda təcili tibbi yardım çağırılmalı və mümkün qədər tez ürək-ağciyər reanimasiyasına başlanılmalıdır. Hadisə yerində iki nəfər varsa, onlardan biri təcili yardıma zəng etməli, digəri isə uşağa ilk yardım göstərməlidir.
Mütəxəssislər qeyd edirlər ki, uşağın boğulması zamanı düzgün və vaxtında göstərilən ilk yardım onun həyatını xilas edə bilər. Buna görə valideynlərin əsas ilk yardım qaydalarını əvvəlcədən öyrənməsi xüsusilə vacibdir.
//Gülnarə Abasova, Editor.az

