Azərbaycanda son illərdə nikahların sayında müşahidə olunan azalma və evlilik yaşının yüksəlməsi cəmiyyətdə ailə institutuna münasibətin dəyişməsi ilə bağlı müxtəlif suallar doğurur. Gənclərin təhsil, karyera, mənzil və şəxsi inkişaf kimi məsələlərə üstünlük verməsi ailə qurmaq qərarının əvvəlki nəsillərlə müqayisədə daha gec qəbul edilməsinə təsir göstərən əsas amillər sırasında qeyd olunur. Bununla yanaşı, boşanmaların artması, sosial şəbəkələrin yaratdığı yeni həyat tərzi modelləri və fərdi seçimlərin ön plana çıxması da bu prosesə təsir göstərir. Sosioloqlar hesab edirlər ki, məsələ yalnız iqtisadi amillərlə məhdudlaşmır, cəmiyyətdə baş verən sosial və düşüncə transformasiyaları da mühüm rol oynayır.
Sosioloq Üzeyir Şəfiyev Editor.az-a açıqlamasında bildirib ki, bu dəyişikliklərin bir çox səbəbi var:
“İlk növbədə, biz bu səbəbləri cəmiyyətin düşüncə transformasiyasında axtarmalıyıq. Əvvəllər cəmiyyətdə belə bir arxetip və stereotip var idi ki, “tez evlənən tez duran udar”. Amma indi gənclər əvvəlcə təhsil almaq, karyera qurmaq, mənzillə təmin olunmaq, daha sonra ailə qurmaq istəyirlər. Bu da düzgün yanaşmadır. Əvvəllər gənclərin həyatında ailənin və valideynlərin daha çox töhfəsi var idi. İndi isə gənclər özləri öz ayaqları üzərində durmaq istəyirlər. Ona görə də əvvəlcə təhsil almaq, karyera qurmaq, daha sonra mənzillənmək və nəhayət, ailə qurmaq haqqında düşünürlər.
Bütövlükdə baxanda, gənclərdə ailə qurmağa meyl də azalıb. Bunun da bir çox səbəbləri var.
İlk növbədə, insanlar son dövrlərdə təkcə Azərbaycanda deyil, bütün dünyada daha rahat, sakit və fərdi həyat yaşamaq istəyirlər, uşaq qayğısı çəkmək istəmirlər. Boşanmaların artan statistikası da gəncləri qorxudur. Onlarda belə bir təsəvvür yaranır ki, evlənəcəklər və boşanacaqlar. Mülk davası və digər mübahisələr də bu narahatlıqları artırır. Ona görə gənclər düşünürlər ki, subay qalsalar, öz həyatlarını yaşasalar, daha rahat yaşayacaqlar. Bu, həm də cəmiyyətdə ailə institutunun zəifləməsi və arxetiplərin müəyyən qədər funksionallığının azalması ilə bağlıdır.
Sosial şəbəkələrdə parlaq və dəbdəbəli həyat sərgiləyən bəzi influenser və bloggerlərin də buna təsiri var. Əsasən rahat və fərdi həyatı təbliğ edən influenserlərdən söhbət gedir. Bu faktorlar da müəyyən təsir göstərir. Həmçinin gənclər arasında evlənmə yaşı yüksəlib. Oğlanlar üçün təxminən 30-35, qızlar üçün isə 25-30 yaş aralığında formalaşan tendensiyadan danışmaq olar. Bu da gənclərin düşüncəsində və ümumiyyətlə, cəmiyyətin düşüncə transformasiyası ilə izah olunur.
Əlbəttə, bu, təkcə Azərbaycanda deyil, bir çox ölkələrdə özünü göstərir. Düzdür, bu, Azərbaycan üçün əvvəllər xarakterik olmayıb. Azərbaycan ənənəvi cəmiyyət olduğuna görə vəziyyət fərqli idi. Amma indi bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da belə bir tendensiya müşahidə olunur. Hətta Asiya ölkələrində, Yaponiyada və Çində gənclər arasında subaylıq sindromu daha geniş yayılıb. Gənclər öz ünsiyyət ehtiyaclarını sosial şəbəkələr üzərindən reallaşdırdıqları üçün real həyatda ünsiyyətə maraq göstərmir və bununla kifayətlənirlər. Yaponiyada və Çində gənclər arasında subaylıq sindromunun mövcudluğu ilə bağlı artıq sosial siqnal verilmişdi. Ola bilsin ki, domino effekti ilə bu, digər ölkələrə də təsir göstərir. Çünki artıq biz qlobal bir dünyada yaşayırıq və dünyanın istənilən yerində baş verən hadisə bu və ya digər şəkildə digər ölkələrə də təsir göstərə bilər.
Bu tendensiyanın Azərbaycanda da müşahidə olunması mümkündür. Bəzən gənclər öz həyatlarını qurmaq, müxtəlif ölkələri gəzmək və özlərini axtarmaq istəyirlər. Ümumiyyətlə, insanların həyata baxışı dəyişib. Əgər biz istəyiriksə ki, gənclər ailə qursunlar və ailə qurmaqla bağlı demoqrafik ləngimə və təbii artımda ləngimə tendensiyasının qarşısını alaq, gənclərin məşğulluğu və mənzillənməsi ilə bağlı əlavə tədbirlər görməliyik.
Ailə dəyərlərinin və ailə institutunun təbliği və təşviqi ilə məşğul olmalıyıq. Bir çox ölkələrin bu istiqamətdəki təcrübələrindən istifadə edə bilərik. Misal üçün, qardaş Türkiyə Respublikasında 2025-ci ildə Ailə İli çərçivəsində imkansız gənclər üçün müxtəlif dəstək mexanizmləri tətbiq edildi. Toy edə bilməyən gənclərin toy xərclərini bələdiyyələr və dövlət qurumları öz üzərinə götürdü. Yaxud ailə qurub mənzillənmək istəyən gənclər üçün faizsiz kreditlər ayrıldı və gənc ailələr bu vəsaitləri 4 il ərzində hissə-hissə, güzəştli şərtlərlə ödəməyə başlayırlar.
Həmçinin gənclər üçün məşğulluq marafonlarının təşkili kimi tədbirlər həyata keçirilə bilər. Beləliklə, bir çox ölkələrdə tətbiq olunan təcrübələrdən istifadə etmək və müxtəlif motivasiyaedici alətlərdən yararlanmaq mümkündür.”
//Gülnarə Abasova, Editor.az

