Geriatr həkim Olqa Tkaçova qocalmanın klinik əlaməti hesab olunan xəstəliklər barədə danışıb.
Editor.az xəbər verir ki, mütəxəssis bu barədə xarici mediaya açıqlama verib.
Onun sözlərinə görə, bu xəstəliklər sırasında ateroskleroz mənşəli ürək-damar xəstəlikləri, xərçəng, xroniki obstruktiv ağciyər xəstəliyi (XOAX), dayaq-hərəkət sistemi pozuntuları və 2-ci tip diabet yer alır.
“Bu halları adətən 60 yaş ətrafında müşahidə etməyə başlayırıq”, — deyə Olqa Tkaçova bildirib.
Mütəxəssis vurğulayıb ki, orqanizmin qocalması təkcə müxtəlif xəstəliklərlə deyil, eyni zamanda bədən funksiyalarının mərhələli şəkildə zəifləməsi ilə də özünü göstərir. Bunlara əzələ gücünün azalması, yaddaşın zəifləməsi və diqqət cəmləmək qabiliyyətinin aşağı düşməsi daxildir.
Olqa Tkaçovanın sözlərinə görə, insan orqanizmi inkişafının ən yüksək mərhələsinə təxminən 25-30 yaşlarında çatır. Bundan sonra isə təbii qocalma prosesi başlayır.
//Gülnarə Abasova, Editor.az

