Həkim xəstələnməmək üçün immun sistemini necə gücləndirməyin yollarını açıqlayıbbackend

Həkim xəstələnməmək üçün immun sistemini necə gücləndirməyin yollarını açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Həkimlərin pasiyentlərdən ən çox eşitdiyi suallardan biri xəstəliklərdən qorunmaq üçün immun sistemini necə gücləndirməyin mümkün olması ilə bağlıdır.

Editor.az xəbər verir ki, ümumi praktik həkim Anna Abramenkova bu barədə açıqlamasında bildirib ki, immun sisteminin normal fəaliyyətini dəstəkləmək düzgün yuxu rejimi, sağlam qidalanma və fiziki aktivlik vasitəsilə mümkündür.

“Əslində, immun sistemi olduqca mürəkkəb mexanizmdir və ona edilən hər hansı nəzarətsiz müdaxilə gözlənilməz, bəzən isə xoşagəlməz nəticələrə səbəb ola bilər. Lakin onun düzgün işləməsinə kömək etmək mümkündür. İlk növbədə yuxu keyfiyyətini yaxşılaşdırmaq vacibdir. Yuxu zamanı orqanizmdə bir çox proseslərin sürəti və intensivliyi dəyişir. Bu, bədənin yenilənməsi üçün zəruridir. Əks halda, orqanizmin bütün sistemləri yorulur və fəaliyyət səmərəliliyi azalır. Gün ərzində ən azı səkkiz saat yatın və sabit yuxu-istirahət rejiminə əməl edin”, – deyə həkim bildirib.

Mütəxəssisin sözlərinə görə, ikinci vacib məqam sağlam qidalanma prinsiplərinə riayət etməkdir. Əgər orqanizmdə lif, zülal və digər vacib qida maddələrinin çatışmazlığı varsa, qoruyucu maddələrin bərpası və yeni hüceyrələrin yaranması prosesi çətinləşir. Buna görə də qidalanma balanslı və faydalı olmalıdır.

Həkim əlavə edib ki, zülal, vitamin və mikroelement çatışmazlıqlarını vaxtında müəyyən etmək üçün mütəmadi qan analizləri vermək faydalıdır. Hansı analizlərin lazım olduğunu və nəticələrə əsasən hansı əlavələrin qəbul edilməli olduğunu isə həkim müəyyən etməlidir.

“Üçüncü vacib amil aerobik fiziki məşqlərdir. Qaçış, üzgüçülük, gəzinti, velosiped sürmə, xizək sürmə və digər bu kimi fəaliyyətlər stressi azaldır, dözümlülüyü artırır, çəki itirməyə kömək edir və qan dövranını yaxşılaşdırır. Bu halda immun sistemi fiziki passivliyin yaratdığı problemlərlə mübarizəyə enerji sərf etmir. Bundan əlavə, ildə iki və ya üç dəfə yüngül tənəffüs yolu infeksiyası keçirməyin normal olduğunu da unutmaq olmaz. Bu, mahiyyət etibarilə immun sistemi üçün bir məşqdir”, – deyə həkim vurğulayıb.

//Gülnarə Abasova, Editor.az