“Deputat icra hakimiyyətinin nümayəndəsi deyil və hər hansı nazirin və ya dövlət qurumunun rəhbərinin işinə müdaxilə etmək səlahiyyətinə malik deyil. Deputatın vəzifəsi seçicinin problemini aidiyyəti qurum qarşısında qaldırmaq, həmin problemin araşdırılmasını və vətəndaşa əsaslandırılmış cavab verilməsini təmin etməyə çalışmaqdır”.
Bu fikirləri Milli Məclisin deputatı Razi Nurullayev bəzi millət vəkillərinin icra hakimiyyəti orqanları və nazirliklərlə ünsiyyət qurmaqda ciddi çətinlik çəkməsi ilə bağlı şikayətlərinə fikir bildirərkən deyib.
Ona görə də deputatın müraciətinə münasibət məsələsini şəxsi münasibətlər səviyyəsinə endirmək düzgün deyil:
“Burada söhbət dövlət idarəçiliyinin keyfiyyətindən gedir. Deputatın arxasında müəyyən sayda vətəndaşın müraciəti dayanır. Həmin müraciətə diqqətsiz yanaşılması əslində təkcə deputata münasibət deyil, seçicinin probleminə münasibətdir.
Əlbəttə, heç kim gözləmir ki, nazir hər bir deputatın müraciətinə şəxsən cavab versin və ya bütün məsələlərə birbaşa müdaxilə etsin. Bunun üçün nazirliklərdə və digər dövlət qurumlarında struktur bölmələri, məsul şəxslər var. Amma deputat müraciətinin aşağı səviyyədə, məsələnin mahiyyətinə varmadan və ya ümumi ifadələrlə cavablandırılması düzgün yanaşma deyil. Cavab məsələnin həllini izah etməli, mümkün deyilsə, bunun konkret səbəbi göstərilməlidir.
Məncə, burada əsas problem bəzən ünsiyyətin özündən çox, qarşı tərəfin məsuliyyəti necə qəbul etməsidir. Dövlət qurumu deputatın müraciətini əlavə bir yazışma kimi deyil, parlament üzvünün seçicidən aldığı konkret məsələ kimi qiymətləndirməlidir. Eyni zamanda deputat da hər müraciəti avtomatik olaraq nazir səviyyəsinə çıxarmağa çalışmamalıdır. Hər iki tərəfin öz səlahiyyət və məsuliyyət çərçivəsində işləməsi vacibdir”.
Onun sözlərinə görə, son günlər bu mövzuda da qeyd etdiyim kimi, deputatın əsas problemi məmurun yerinə qərar vermək deyil:
“Əsas məsələ seçicinin səsinin dövlət idarəetmə sistemində itib-batmasına imkan verməməkdir. Əgər deputat məsələni qaldırır, amma aidiyyəti qurumdan nə konkret cavab alır, nə də məsələnin hansı mərhələdə olduğunu öyrənə bilirsə, burada artıq kommunikasiya mexanizminin təkmilləşdirilməsinə ehtiyac yaranır.
Düşünürəm ki, parlamentlə icra strukturları arasında münasibətlər qarşıdurma üzərində deyil, institusional əməkdaşlıq üzərində qurulmalıdır. Deputat dövlət qurumuna problem yaratmaq üçün deyil, seçicisinin problemini çatdırmaq üçün müraciət edir. Dövlət qurumunun da buna münasibəti şəxsi deyil, institusional olmalıdır.
Ən əsası isə qarşılıqlı hörmət və operativlik qorunmalıdır. Deputat öz səlahiyyət həddini bilməli, məmur da deputatın seçicilər qarşısında daşıdığı məsuliyyəti nəzərə almalıdır. Bu balans təmin olunanda həm parlamentin nüfuzu, həm də dövlət idarəçiliyinə və vətəndaş müraciətlərinə olan inam güclənir”.
//Gülnarə Abasova, Editor.az

