NATO-Rusiya münasibətlərində təhlükəsizlik risklərinin artması Avropada mümkün böhran ssenarilərinə hazırlıq məsələsini yenidən gündəmə gətirib. Alyansın xüsusilə şərq cinahında mümkün təhdidlərə qarşı hərbi planlaşdırmanı gücləndirməsi regionda təhlükəsizlik mühitinin nə qədər həssas olduğunu göstərir. Bu proses yalnız NATO-Rusiya münasibətləri baxımından deyil, Cənubi Qafqaz və Azərbaycanın yerləşdiyi geosiyasi məkan baxımından da diqqət çəkir. Mövcud vəziyyətin mümkün inkişaf istiqamətlərini və NATO-nun hazırlıq addımlarının hansı mesajları verdiyini politoloq Oqtay Qasımov Editor.az-a açıqlamasında dəyərləndirib.
Politoloq Oqtay Qasımov Editor.az-a açıqlamasında bildirib ki, son dövrlər, daha doğrusu, son bir ildə Rusiya Avropa ölkələrini, xüsusilə də Şərqi Avropa ölkələrini test edir:
“Yəni onların ərazisinə dron, kəşfiyyat xarakterli dron uçuşları həyata keçirilir, yaxud hansısa təxribatlar olur. Və bu yaxınlarda da Ukraynaya məxsus minik qatarı Polşa sərhədində vuruldu. Bütün bunlar Şərqi Avropa cinahında ciddi böhranın olduğunu göstərməkdədir. Belə ki, Rusiya məhz bu ölkələri, xüsusilə Polşa, Ukrayna, Baltikyanı ölkələr, Rumıniya və Baltikyanı ölkələri daha çox test etməyə çalışır. Və bu yaxınlarda hətta Danimarka pilotlarına atəş açıldı Rusiya gəmiləri tərəfindən.
Yəni bu, daha çox Vladimir Putinin Avropa cəmiyyətlərinə müəyyən mesaj vermək, onları təzyiq altında saxlamaq və cəmiyyətləri hökumət əleyhinə qaldırmaq niyyətlərini xəbər verir. Ki, bu, düşünürəm ki, bununla bağlıdır.
O ki qaldı NATO-nun böhranlı vəziyyətə hazırlığı ilə bağlı, şübhəsiz ki, daha çox Avropa ölkələri bu təhlükəni hiss etdiklərindən, onlar son bir neçə ildə hərbi sənaye kompleksini ciddi şəkildə inkişaf etdirmək xətti tutublar, ciddi maliyyə vəsaitləri ayrılır və Avropanın özünün öz təhlükəsizliyini təmin etmək yolları və variantları axtarılmaqdadır.
Bu baxımdan, götürdükdə, əlbəttə ki, belə ssenarilər üzərində düşünülür. Və NATO bu ssenarilər üzərində düşünərkən, əlbəttə ki, qabaqlayıcı tədbirlər həyata keçirməyə çalışır.
Rusiyanın təxribatlarına gəldikdə, hesab edirəm ki, bu çox da effektiv bir durum olmayacaq. Çünki hazırkı şəraitdə Ukrayna bataqlığında ilişmiş Rusiyanın əlavə ikinci cəbhə açmaq imkanları kifayət qədər azdır. Və belə olacağı halda artıq Alyans tam mənalı şəkildə bu prosesə qoşula bilər.
Doğrudur, NATO Ukraynaya müəyyən dəstək verir, amma Ukrayna NATO ölkəsi olmadığına görə orada müəyyən tərəddüdlər də, tərəddüd edən ölkələr də var, neytral qalmağa çalışırlar. Amma NATO ölkəsinə hücum olarsa, artıq 5-ci maddənin işə düşməsi ehtimalı kifayət qədər yüksəkdir ki, bu da Rusiya üçün arzuolunan bir vəziyyət hesab etmirəm ki, olsun.”
//Gülnarə Abasova, Editor.az

