Maqnezium kabuslara səbəb olur? – Həkimdən açıqlamabackend

Maqnezium kabuslara səbəb olur? – Həkimdən açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Maqnezium əlavələrinin qəbulu ilə gecə kabuslarının yaranması arasında birbaşa elmi əlaqə müəyyən edilməyib.

Editor.az xarici mediaya istinadən xəbər verir ki, britaniyalı terapevt və yuxu üzrə ekspert Zoi Uilyams maqnezium əlavələrinin bəzi insanlarda yuxuların daha canlı və daha yaxşı xatırlanmasına səbəb ola biləcəyini bildirib.

Mütəxəssisin sözlərinə görə, maqnezium sinir sisteminin fəaliyyətində və yuxunun tənzimlənməsi ilə bağlı proseslərdə iştirak edir. Mineral sinir impulslarının həddindən artıq aktivliyini azaldan reseptorların fəaliyyətinə təsir göstərir və yuxuya mane ola bilən stress hormonu kortizolun səviyyəsinin azalmasına kömək edir.

Uilyams qeyd edib ki, maqnezium qəbulundan sonra yuxu daha dərin və sakitləşirsə, insan yuxudan oyandıqda gördüyü yuxuları daha çox xatırlaya bilər. Bu isə yuxuların əvvəlkindən daha parlaq və ya qeyri-adi olduğu təəssüratı yarada bilər.

Mütəxəssis başqa bir ehtimal kimi yuxunun REM fazasını göstərib. Daha parlaq yuxuların əsasən bu mərhələdə görüldüyü bildirilir. Xroniki stress və yuxusuzluq REM mərhələsinin müddətinə və strukturuna təsir göstərə bilər. Yuxu rejimi bərpa edildikdə isə REM-rebound adlanan müvəqqəti artım müşahidə oluna bilər.

Bununla belə, həkim vurğulayıb ki, məhz maqneziumun birbaşa kabuslara səbəb olduğunu təsdiqləyən kifayət qədər elmi məlumat yoxdur. Buna görə də maqnezium qəbuluna başladıqdan sonra qeyri-adi və daha canlı yuxuların görülməsi avtomatik olaraq preparatın yan təsiri kimi qiymətləndirilməməlidir.

Uilyams həmçinin qeyd edib ki, maqneziumun dozasının artırılması yuxunun keyfiyyətinin də eyni nisbətdə yaxşılaşacağı anlamına gəlmir. Mütəxəssis əlavələrin tövsiyə olunan dozalar çərçivəsində qəbul edilməsini, təkrarlanan kabusların yuxunu mütəmadi şəkildə pozduğu halda isə həkimə müraciət olunmasını tövsiyə edib.

//Gülnarə Abasova, Editor.az