Neyroqastroenteroloq Andrey Simakov səhər yeməyi ilə bağlı geniş yayılmış miflərə münasibət bildirib. Onun sözlərinə görə, səhər, nahar və ya axşam yeməyində hamı üçün qəti şəkildə qadağan olunmuş qidaların siyahısı yoxdur. Əsas məsələ qidanın özü deyil, insan orqanizminin ona necə reaksiya verməsidir.
Editor.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Həkim bildirib ki, internetdə yayılan qorxuducu məlumatlara deyil, hər bir insan öz orqanizminin verdiyi siqnallara diqqət yetirməlidir.
Simakovun sözlərinə görə, səhər yeməyində demək olar ki, istənilən qidanı qəbul etmək olar. Lakin vacib olan həmin qidanın insan tərəfindən necə mənimsənilməsidir. Məsələn, qəhvə bir insan üçün tamamilə normal içki olduğu halda, digər şəxsdə mədə yanması və ya əsəbilik yarada bilər. Bu isə qəhvənin zərərli olması deyil, sadəcə həmin insanın orqanizmi üçün uyğun olmaması və ya qəbul edilən miqdarın artıq olması ilə əlaqədardır.
Mütəxəssis səhər yeməyinin sadəcə yüngül qəlyanaltı deyil, tam dəyərli bir qida qəbulu olmasının vacibliyini vurğulayıb. Onun fikrincə, ideal səhər yeməyi kompleks karbohidratlar, zülal, müəyyən miqdarda faydalı yağlar və imkan daxilində tərəvəzlərdən ibarət olmalıdır.
Belə qidalara sıyıqlar, yumurta, kəsmik, tam taxıllı çörək, şəkərsiz yoqurt, dənli bitkilər, pendir, balıq, tərəvəzlər və tam taxıllı makarondan hazırlanan yeməklər daxildir. Bu cür balanslı qidalanma daha uzun müddət toxluq hissi yaradır və qısa müddət sonra yenidən aclıq hissinin yaranmasının qarşısını alır.
Həkimin sözlərinə görə, problem əksər hallarda konkret qidada deyil, qidalanmanın balanssız olmasındadır. Əgər səhərlər əsasən şirniyyat, şəkərli səhər yeməyi məhsulları və şirin içkilər qəbul edilirsə, enerji qısa müddətdə yüksəlir və eyni sürətlə də azalır. Nəticədə insan tez acır, yuxululuq və əsəbilik hiss edir.
Əgər səhər yeməyindən sonra mütəmadi olaraq mədədə ağırlıq, köp, qıcqırma, gurultu və ya halsızlıq müşahidə olunursa, qidalanma rejiminə yenidən baxmaq lazımdır. Bəzi hallarda şəkərin azaldılması, rasiona daha çox zülal əlavə edilməsi və ya yağlı qidaların məhdudlaşdırılması kifayət edir. Lakin bu əlamətlər reflüks, qıcıqlanmış bağırsaq sindromu, funksional dispepsiya və ya kafeinin mənimsənilməsi ilə bağlı problemlərdən qaynaqlana biləcəyi üçün həkim məsləhəti də zəruri ola bilər.
//Gülnarə Abasova, Editor.az


