İspaniyada qeyri-adi və diqqətçəkən hadisə baş verib. Barselona ətrafındakı Kabera-d’Anoia bələdiyyəsində 75 yaşlı kişinin meyiti evində aşkarlanıb. İlkin məlumata görə, kişinin həyat yoldaşı və yetkin qızı onun ölümündən sonra uzun müddət həmin evdə yaşamağa davam ediblər.
Editor.az xəbər verir ki, hadisə qonşuların şikayətindən sonra üzə çıxıb. Onlar uzun müddət ərzində ev sakinlərini görmədiklərini və yaşayış sahəsinin ətrafında antisanitar vəziyyət yarandığını bildiriblər.
Polis əməkdaşları evə daxil olduqda 75 yaşlı kişinin meyitini, həmçinin onun həyat yoldaşı və qızını aşkarlayıblar.
İlkin araşdırmaya əsasən, kişi təxminən iki il əvvəl dünyasını dəyişib. Meyitin ilkin müayinəsi zamanı zorakılıq əlamətləri müəyyən edilməyib. Onun ölüm səbəbinin dəqiq müəyyənləşdirilməsi üçün meyit məhkəmə-tibbi ekspertizaya göndərilib.
Məlumata görə, qadın və qızı son illərdə, xüsusilə də COVID-19 pandemiyasından sonra, demək olar ki, evdən çıxmayıblar. Onların kişinin ölümünü niyə bu qədər uzun müddət ərzində aidiyyəti qurumlara bildirmədikləri hazırda araşdırılır.
İlkin mərhələdə hadisə ilə bağlı qadınların saxlanıldığı barədə məlumat yoxdur. Onlara tibbi və sosial yardım göstərilir.
Polis hadisənin bütün təfərrüatlarını, o cümlədən kişinin ölümünün dəqiq vaxtını və səbəbini müəyyənləşdirmək üçün araşdırmanı davam etdirir.
//Gülnarə Abasova, Editor.az

